“Turan Tovuz” üzərində qələbədən sonra “Sabah”da əhval-ruhiyyə yaxşı vəziyyətdə idi.
“Bayquşlar”ın son iki oyunda məğlub olan (“İmişli” ilə oyundakı məğlubiyyət rəqibin protokol səhvinə görə qələbəyə çevrilmişdi) “Sumqayıt”la şansları daha yüksək dəyərləndirilirdi.
Hadisələri qabaqlayaraq deyim ki, meydanda sərgilənən oyun da bunu əks etdirirdi. Valdas Dambrauskas “Turan Tovuz”la matçdakı kimi bu oyunda da “Sabah”ın ənənəvi 4-2-3-1 taktiki düzülüşünə üstünlük vermişdi.
“Turan”la matçdan fərqli olaraq, start heyətində Xəyal Əliyevin yerinə Coy Lens Mikels yer almışdı. Mikels oyunda 3 qol vurmaqla litvalının bu seçiminin nə qədər doğru olduğunu göstərdi.
O başqa söhbətin mövzusudur ki, hakimlər almaniyalı legionerin vurduğu 3 qoldan sadəcə, birini qeydə almaqla vingerin meydandakı əziyyətinə 3 qat zərbə vurmuş oldu.
Hakimlər “Sabah”ın böyük mübahisələrə səbəb olan 2 qolunu saymamaqla yanaşı, “Sumqayıt”ın futbolçusunun cərimə meydançası daxilində əllə oyununa da “adi” yanaşdı.
Əlbəttə, qeyd edilən bütün mübahisəli epizodlar müzakirəyə açıqdır. Bəlkə də oyun qaydaları ilə bu qərarlar doğru qəbul edilib.
Amma bəzi məqamlar çox düşündürücüdür. Necə olur ki, “Turan”la ötən oyunda “Sabah”ın futbolçusu Akim Zedadkanın ayaq biləyinə Tovuz klubunun futbolçusu Veysəl Rzayevin açıq ayaqla zərbəsi baş hakimin də, VAR hakimlərinin də diqqətindən yayınır, amma “Sabah”ın ikinci qolunda Rəhman Daşdəmirov ötürmə etdikdən sonra rəqibin ayağına kiçik müdaxiləsi VAR hakimlərinin gözündən yayınmır.
Və ya “Sabah”ın 92-ci dəqiqədə vurduğu qolda yayımçı telekanal “CBC Sport”un kadrlarında əllə oyunla bağlı hər hansı məqam görünməsə də, həmin əl VAR hakimlərinin gözünə girir və dərhal qol ləğv edilir?
Və ya necə olur ki, “təbii vəziyyət”də olan qol topun qapıya yolunu kəsir, amma hakimlər bunu da görməzdən gəlir, heç baş hakim VAR-a da dəvət edilmir?
Necələr, suallar çoxdur, cavabı isə bu yazını oxuyanların öz öhdəsinə buraxırıq.
Xəlil Sadıq