AZ

Sülh, əməkdaşlıq, inkşaf və tərəqqi mesajı

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-cı sessiyasında çıxışı ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Cənab İlham Əliyev çıxışında BMT Təhlükəsizlik Şurasının Ermənistanla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsini və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bildirdi ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar. Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.

44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri barədə məlumat verən dövlətimizin başçısı vurğuladı ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.

Ölkə Prezidenti çıxışında həm də sülh prosesi, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən danışıqlar və Azərbaycanın ABŞ-la əməkdaşlığı, Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) və yeni Azərbaycan-ABŞ strateji işçi qrupunun yaradılması kimi məsələləri də diqqətə çatdırdı. Cənab İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür etdi.

Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbədir. Hər bir çağırışı bu günümüz və gələcəyimizlə bağlı yol xəritəsidir. BMT tribunasından bir daha sülh, əməkdaşlıq, inkişaf və tərəqqi mesajları ünvanlandı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
sesqazeti.az

1Mənbələr