AZ

Elzanın 100 minlik qızılı lombardda batdı

Əməkdar artist Elza Seyidcahanın lombarda qoyduğu 100 min manatlıq qızıl-zinət əşyaları ələ keçirilib.

Turkustan.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, müğənni ilə birgə daha 30 nəfər də eyni formada aldadılıb.

İş üzrə iki nəfər- lombardın rəhbəri Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərli polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, ikisi də həbs olunub.

İttiham aktının materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər müştərilərin lombarda qoyduqları qızıl-zinət əşyalarını geri qaytarmayıblar. Zərərçəkənlər götürdükləri pulu ödəyib əşyalarını istəyəndə onlara hər dəfə “başqa vaxt gəlib götürərsiniz”, - cavabı verilib. Amma “başqa vaxt” gəlib çatmayıb. Nəticədə müştərilərin hamısı polisə üz tutublar.

İstintaqla müəyyən edilib ki, bu dələduzluq nəticəsində zərərçəkənlər milyonlarla manat dəyəri olan əmlak itiriblər.

Aldanılanlardan biri də Əməkdar artist Elza Seyidcahandır. Müğənni bu gün məhkəmədə ifadə verib. Müğənni deyib ki, pul lazım olduğu üçün anası ilə birgə lombarda gedib. Verdiyi qızıl və brilyantların qarşılığında ona 8 min 500 manat pul veriblər: “Lombarddan 8 min 500 manat götürsəm də, əşyaların ümumi qiyməti 80-100 min manatdır. Təkcə maral formasında brilyantım 30 mindir. Həm də tək mənim deyil, orada rəfiqəmin də qızılları var. Nə isə bir neçə ay ərzində götürdüyüm pulu tam ödədim. Amma qızıllarımı geri qaytarmadılar. Dedim heç olmasa, rəfiqəmə aid olanları tez verin, amma buna da razı olmadılar. Sonradan öyrəndim ki, bunlar hamını belə aldadıb. Məcbur qalıb polisə getdim. İndi maddi, mənəvi və ruhən əziyyət çəkirik. Biz inamla doğulmuşuq, yalan danışmağı sevmirik. Ayıbdır axı, yalan danışmaq olmaz”.

Zərərçəkmiş müğənninin sözlərinə görə, bu günə kimi qızıl-zinət əşyalarını qaytarmayıblar. Ona görə də lombardın rəhbərliyindən işçilərinə kimi şikayətçi olduğunu bildirib.

Qızıllarının ələ keçirilməsindən danışan müğənninin bir qulağında sırğa olmaması hakim Telman Hüseynovun diqqətini çəkib: Hakimin “Qulağınızdakı sırğanın biri haradadır, itirmisiniz?” sualına müğənni “Xeyr, mənim stilim budur” cavabını verib”.

Növbəti zərərçəkmişlərin dindirilməsi noyabrın 4-nə saxlanılıb.

Qeyd edək ki, ittiham sübuta yetirilərsə, Xəyal Abdullayevi 10 ildən 14 ilə, Fərid Abuzərlini 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.

Seçilən
22
7
turkustan.az

8Mənbələr