AZ

Bu torpaqlarda tikintiyə icazə verildi – Yeni qayda

Baş nazir Əli Əsədov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiq edib. Yeni qaydalarla kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaata icazə verilən hallar və hədlər müəyyənləşdirilib.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, sənədə əsasən, sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən, yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər:

“Bu o deməkdir ki, 10 hektar kənd təsərrüfatı təyinatlı torpağı olan sahibkar onun 10 sotunda inşaat işləri apara bilər. Bu kənd təsərrüfatı təyinatlı torpaqlarının iqtisadi baxımdan daha səmərəli istifadə edilməsi baxımından vacib idi. Çünki əvvəllər belə qaydaların olmaması sahibkarlar üçün xüsusi çətinliklər yaradırdı. Nazirlər Kabinetinin son qərarı bu çətinlikləri, praktik olaraq, aradan qaldırır.

Yeni qaydalara görə, torpaq sahəsinin əsaslı tikili olmayan bir hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə bölünən torpaq sahələri 5 hektardan az olduğu halda tikililərin inşasına və quraşdırılmasına yol verilmir. Bu qayda torpaqlardan birgə istifadəni stimullaşdıra bilər. Çünki qaydalara əsasən, üzərində əsaslı tikili olan və ərazisi 5 hektardan az olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə birləşdirildikdən sonra yaranan vahid torpaq sahəsində tikinti əmsalı həmin əsaslı tikilinin sahəsi çıxılmaqla müəyyən edilir. Hazırda aqrar sektorda ən ciddi çağrışlardan biri də ümumi torpaq sahəsi böyük olan təsərrüfatların sayının az olmasıdır.

Nazirlər Kabinetinin qərarınsa əsasən, tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsi yenidən tikinti əmsalına cəlb edilmir.

Bütövlükdə yeni qərar kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində səmərəlliyin artmasına səbəb olacaq”.

Seçilən
12
39
axar.az

10Mənbələr