AZ

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim fəaliyyətində parlamentlərin rolu, müvafiq qanun və institutların gücləndirilməsi müzakirə olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim fəaliyyətində parlamentlərin rolu, iqlim davamlılığı və xalis sıfıra keçid üçün iqlim qanunları və institutlarının gücləndirilməsi” mövzusunda dəyirmi masa təşkil olunub.

Ekologiya.az xəbər verir ki, tədbir Bakı İqlim Fəaliyyəti Həftəsinin təşkilatçıları və BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının (UNFCCC) qeyri-rəsmi parlament qrupunun əlaqələndiricisi olan “GLOBE Qanunvericiləri” təşkilatı tərəfindən təşkil olunub.

Dəyirmi masada Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin deputatları, ekspertlər, özəl sektor nümayəndələri iştirak ediblər. Parlamentlərin alimlər, özəl sektor, vətəndaş cəmiyyəti və akademiya kimi əsas tərəfdaşlarla əməkdaşlıq şəraitində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) – yeni mərhələsini necə formalaşdıra biləcəyi, güclü karbon bazarlarının necə qurula biləcəyi və ədalətli, dayanıqlı sıfır emissiyaya keçid üçün müvafiq mühitin yaradılaması ətrafında müzakirələr aparılıb.

Sessiyanın əsas məqamlarından biri GLOBE-nin “6-cı Maddə və Karbon Bazarları üzrə Parlament Bələdçisi”nin Azərbaycan dilində nəşrinin təqdimatı olub. Bu nəşr COP30 zamanı Braziliyanın Belém şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Paris sazişinin 6-cı maddəsi üzrə dialoquna hazırlıq məqsədilə təqdim edilib.

Müzakirə zamanı Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, “GLOBE Qanunvericiləri” təşkilatının rəhbəri Malini Mehra və deputatlar çıxış ediblər. İqlim qanunvericiliyi sahəsində ən yaxşı təcrübələr təqdim olunub, müstəqil məsləhətçi şuraların rolu araşdırılıb və milli iqlim planlarının həyata keçirilməsində özəl sektorun artan rolu vurğulanıb. Həmçinin Azərbaycanın iqlim siyasəti və qanunvericiliyi sahəsində Milli Məclis vasitəsilə əldə edilən irəliləyişlər ön plana çəkilib.

Seçilən
22
6
ekologiya.az

7Mənbələr