AZ

Satışda olan balıqlarla bağlı qorxunc iddia: “İnsan nəcisi ilə qidalandırılır”

“Sıravi vətəndaş balıq alanda qoxusundan hiss edə bilmir ki, o nəylə bəslənib”.

Bu sözləri “Yeni Sabah”a “Professional Kulinarlar Cəmiyyəti” İctimai Birliyinin sədri Ağa Aşurov deyib.

O, bəzi qapalı su hövzələrində balıqların nəcislə bəslənməsi iddiasını şərh edib:

“Bu barədə öz təəssuratımı danışım. 5 ilin söhbətidir. Bir dostumla Nərimanabada (Lənkəran) gedirdim. Yolda balıq satırdılar. Dedim, düşüb balıq alaq. Dostum dedi ki, qətiyyən. Dedim, niyə? "Sənə səbəbini göstərəcəm".

Mənə bir yer göstərdi. İnanın səmimiyyətimə, həmin məqamda nəcis daşıyan maşınlar yükü gölə boşaldırdılar. Dedim, bu nə üçündür? Dedilər ki, bu balıq üçün yemdir.

Kulinar olduğumuz üçün bu cür yemlənən balığı bişirəndə qoxusundan hiss edirik. Məsələn, bu yaxınlarda İsmayıllıda bir restoranda balıq sifariş etdim. Gətirilən balıqdan həmin tam və qoxu gəlirdi.

Yəni bu fakt realdır. Özüm dəfələlərlə bu məsələni AQTA və digər qurumlar qarşısında qaldırmışam. Amma nəticə olmayıb”. 

Kulinar qeyd edib ki, sıravi vətənaşlar bir sıra üsullarla çay balığını ayırd edə bilər:

“Qəlsəməni aralayıb onun qırmızı, yaxud qəhvəyi rəng olmasına baxmaq lazımdır. Qırmızıdırsa, bu, təbii çay balığıdır. Əgər qəlsəmənin içi qaradırsa, yenə də təbii balıqdır, amma bir həftənin balığıdır.

Köhnə balığın o qədər də zərəri yoxdur, nəinki nəcislə qidalandırılan balıqların. Nəcisdən əlavə, balıqlara elə kimyəvi maddələrdən yemlər hazırlayırlar ki, balığın orqanizmində olan fosforu, zülalı məhv edir. İnsana faydalı olan maddələr də elə bunlardır. Son vaxtlar şadlıq sarayları, restoranlar ucuz göl balıqlarından istifadə edir.

Normal kütüm bazarda 17-22 manatdırsa, göl balığı 13-14 manata təklif olunur. Yəni müştərilər qiymətindən də keyfiyyətli yaxud keyfiyyətsiz balığı seçə bilər”.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə bəzi süni göllərdə saxlanılan balıqların insan nəcisi ilə qidalandırıldığına dair iddialar var. Vətəndaşlar xüsusən regionlarda bəzi işbaz sahibkarların bu əmələ əl atdığını deyir.

Seçilən
37
5
hurriyyet.az

6Mənbələr