AZ

Ədliyyə Nazirliyi daşınmaz əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsaslı rəqəmsal xidmət istifadəyə verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması istiqamətində növbəti addım kimi daşınmaz əmlakın bazar dəyərini müəyyən etməyə imkan verən süni intellekt dəstəkli yeni əmlak qiymətləndirmə xidməti istifadəyə verilib.
Bu rəqəmsal xidmət daşınmaz əmlakın alqı-satqısı zamanı həm vətəndaşların, həm də notariusların istifadəsi üçün nəzərdə tutulub. Belə ki, yeni xidmət vasitəsilə alqı-satqı zamanı istər vətəndaşlar, istərsə də notariuslar mənzil, torpaq sahəsi, yaşayış və qeyri-yaşayış kateqoriyaları üzrə daşınmaz əmlakın təxmini bazar qiymətini hesablaya biləcəklər.
Əmlakın əsas xüsusiyyətlərinin daxil edilməsi əsasında sistem qiymətləndirmə aparır və daim yenilənən real bazar qiymətlərinə yaxın nəticə hesablayır. Bu isə vətəndaşlara və notariuslara vaxt itirmədən daşınmaz əmlakın cari vəziyyətinə uyğun ehtimal olunan qiymət ilə tanış olmağa şərait yaradır.
İstifadə olunan məlumatlar ilk növbədə Elektron Notariat İnformasiya Sisteminə əsaslanır və əvvəlki illərdə həyata keçirilmiş əmlak alqı-satqısı əməliyyatlarını əhatə edir. Həmçinin gündəlik yenilənən bazar qiymətləri nəzərə alınmaqla, daşınmaz əmlak alqı-satqısı bazarından və açıq mənbələrdə dərc olunan elanlardan əldə edilmiş məlumatlar emal olunaraq süni intellekt modelləri vasitəsilə nəticələrə inteqrasiya edilir. Sonda istifadəçiyə əmlakın ehtimal olunan qiyməti barədə məlumat verilir.
Xidmətdən yararlanmaq üçün www.notariat.az ünvanına daxil olaraq "Əmlak qiymətləndirilməsi" səhifəsinə keçid etmək kifayətdir.
Yeni xidmətin istifadəyə verilməsi daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına, əmlak alqı-satqısı proseslərinin daha əlçatan və rahat şəkildə həyata keçirilməsinə, həmçinin müasir rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə ölkədə innovativ həllərin inkişafına mühüm töhfə verəcək.
Seçilən
37
17
oxu.az

10Mənbələr