AZ

Paşinyanın BMT çıxışı: Sülh sənədindəki "dəhliz" ziddiyyəti – ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-də çıxış edərkən itkin düşmüşlərin taleyinin və həbs olunanların probleminin həllinin prioritet olduğunu bildirib.
O, Azərbaycanla münasibətlərdə dönüş yarandığını və ABŞ-nin vasitəçiliyi ilə sülh sazişi layihəsinin paraflanmasını qeyd edib, bu prosesdə Donald Trampın rolunu vurğulayıb.
Paşinyan Vaşinqton razılaşmalarında "Zəngəzur dəhlizi" ifadəsinin olmadığını xüsusi qeyd etsə də, sənədlərdəki "Naxçıvana maneəsiz keçid" məntiqi faktiki olaraq dəhliz prinsipini nəzərdə tutur.

Paşinyan BMT-də bu mövzunu qaldırmaqla hərbi cinayətlərdə ittiham olunanları də daxil edirmi? Bakıdan əsas gözləntisi nədir?

"BMT-də çıxış edən prezidentlər təbii ki, öz ölkələrində gedən proseslər barədə məlumat verməlidirlər. Onların dilə gətirdiyi məsələlərdə həm daxili problemlər, həm də digər dövlətlərlə bağlı gələcək münasibətlər öz əksini tapır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Paşinyanın çıxışında da biz görürük ki, o, həm ölkə daxilində, həm də xaricdə gedən prosesləri qabardır. Xüsusilə Azərbaycanla 44 günlük müharibədən sonra iki ölkənin liderlərinin - Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ-də bir masa arxasında əyləşməsi və sülh müqaviləsinin imzalanmamasına baxmayaraq, müəyyən paraflanmış bəndlərin qəbul edilməsi mühüm addım idi. Bu, tərəflərin sülh yolunda irəlilədiyini göstərir.

"Digər tərəfdən, Ermənistanın özündə daxili proseslərdə ciddi problemlər müşahidə olunur. Paşinyanın həm şəxsinə, həm də hakimiyyətinə qarşı təzyiqlər artır. Müxalifət, xüsusən Qarabağın itirilməsi, Azərbaycan torpaqlarının legitimliyinin tanınması və müqavilənin paraflanması ilə bağlı etiraz edir. Bundan əlavə, itkin düşmüş insanlar məsələsi də qalmaqdadır. Onların bir hissəsi əsir, bir hissəsi isə ümumiyyətlə itkin sayılır. Azərbaycan yalnız əsir götürülənlərə görə məsuliyyət daşıyır, lakin itkin düşənlərin tapılması Ermənistanın öz daxili məsələdir", - deyə ekspert əlavə edib.

R. Məmmədova vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə, hazırda Azərbaycanda məhkəmə qarşısına çıxarılan şəxslərin bir çoxu Qarabağ sakinləridir. Qarabağ Azərbaycanın ərazisi olduğu üçün onların işləri Azərbaycan qanunlarına uyğun aparılır. Bu insanlar həm də Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etdikləri üçün məsuliyyətə cəlb olunublar.

Ekspert bildirib ki, bu proseslərin nəticəsi barədə danışmaq hələ tezdir. Hazırda onlar Azərbaycan məhkəmələri tərəfindən mühakimə olunur və həbsdədirlər. Sabah isə Ermənistan tərəfinin hansısa tələbi və ya xahişi ola bilər, Azərbaycan da buna uyğun müəyyən addımlar ata bilər. Bu, həm sülh müqaviləsi kontekstində, həm də Ermənistanla münasibətlərin normallaşması istiqamətində ola bilər.

Siyasi şərhçinin sözlərinə görə, digər bir məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Artıq bu məsələ gündəmdən çıxarılıb, müqavilələrdə də qeyd olunmayıb. Bununla belə, son zamanlar həmin yol "Trump dəhlizi" kimi də adlandırılır. Görünür, Paşinyanın bu mövzuda qəbul etdiyi bəzi məsələlər var və o, həm daxili ictimaiyyət, həm də xarici lobbilər üçün müəyyən açıqlamalar vermək məcburiyyətində qalır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr