AZ

Qurban Qurbanov: "Məsuliyyət olduqda istənilən uğuru əldə etmək olar"

"Sevindirici haldır ki, böyük turnirin, böyük futbolun Bakıda ilk oyunu keçiriləcək. Həm sevincli, həm də çox həyəcanlı, məsuliyyətliyik. İlk oyun olduğu üçün bilirik ki, diqqət çoxdur. Azərbaycanın hər bölgəsində matça maraq böyükdür. Bu oyuna bacardığımız qədər yaxşı hazırlaşdıq. Vaxtımız az idi. Bu gün imkanımız olacaq ki, bir az da hazırlaşaq. Yaxşı və ciddi komandaya qarşı oynayırıq. İnanıram ki, futbolçularım öz qabiliyyətləri və bacarıqları ilə yaxşı mübarizə aparacaq, azarkeşlərimizi sevindirməyə çalışacaqlar".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci turunun "Kopenhagen"lə matçından öncə keçirilmiş mətbuat konfransında deyib.

O, sabah baş tutacaq matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycansayağı qol çoxdandır ki, görmürük. Bunu sabah və növbəti matçlarda görə bilərik?

- Rəqibimizin imkan verəcəyi dərəcədə bunu edəcəyik. Bütün rəqiblər buna hazırdır. O qədər təkrar olunub ki, rəqiblər bunu bilirlər. Hər şey ola bilər. 

- "Benfika" üzərindəki qələbədən sonra Avropa və dünyanın diqqəti "Qarabağ"dadır. Komanda bu məsuliyyətdən çıxmağa hazırdır? Təzyiq komandaya təsir edir?

- İnanın ki, həmişə belə anlarda çox sevinirəm. Çünki əgər Avropa və dünya fubtolunun "Qarabağ"a diqqət varsa, bu, Azərbaycana olan diqqətdir. Azərbaycanla daha yaxından maraqlanırlar. Bəli, bu gün ola bilər ki, futbolda uğurlarımız, nəticələrimiz elə də ürəkaçan deyil. Ancaq belə qalibiyyətlər futbolu daha çox sevdirir, futbolçularımıza inam verir. Futbola yatırım qoymaq istəyən insanlarda inam və həvəs yaradır. Futbol idmanın şahıdır. Buradakı qələbələr illər boyu danışılır. Xüsusilə də, böyük nailiyyətlər. İlk olaraq bunu düşünürəm. Bunu düşünərək də, futbolçulara deyirəm ki, bu fikirlərlə meydana çıxaq. Belə hallarda məsuliyyət daha da çoxalır. Ən vacibi odur ki, hamınız bura inamlı gəlirsiz. Həyəcan mütləq olur. Məsuliyyət olduqda istənilən uğuru əldə etmək olar. Bəlkə oyunun əvvəlindən... Allah qoysa, olmaz. Bəlkə ilk dəqiqələrdə həyəcan ola bilər. İdman elədir ki, işin içinə girdikcə, qorxu, həyəcan yox olmağa başlayır. Bəzən uduzursan, yıxılırsan. Yavaş-yavaş həyəcan yox olur. Vacibdir ki, bunu dərk edərək meydana çıxasan. 90 dəqiqə qorxu olsa, böyük problem yaradar. Allaha şükür bizdə elə bir şey yoxdur.

- 2017-ci ildə Çempionlar Liqası matçları BOS-da keçirildi. Tofiq Bəhramov adına Respublika Stadionunun durumu necədir? Bu stadion komanda üçün daha rahatdır?

- Elə bir şey var. Bəlkə futbolçular özlərini daha rahat hiss edirlər. Əsas Bakıda olmağımızdır. Bəlkə BOS-da da oyunları keçirə bilərdik. Orada lazım olsaydı. Geniş arenanı Avropaya göstərməyimiz faydalı iş olardı. Meydança amili rol oynayır. BOS-da da olsaydı, məsuliyyət eyni qalacaqdı.

- Stadionun ot örtüyü nə yerdədir?

- Normaldır. Nə qədər yaxşı görünməsə belə, həmişə razı qalmışıq. Başa düşürük ki, elə period olur, istədiyini əldə edə bilmirsən. İqlimdən də çox şey asılıdır. Bizim şəhər fərqli iqlimdədir. Buna baxmayaraq, əvvəlki illərə baxanda, daha yaxşı duruma doğru gedir.

- "Qarabağ" "Kopenahgen"ə qalib gəlməyin yolunu tapıb?

- Qalib gəlməyin düsturu olur. Bütün rəqiblərə qarşı. İstənilən rəqibə qalib gəlmək üçün hazırlaşırıq. Rəqibdən də çox şey asılıdır. Amma bacardığımız qədər hazırlaşmışıq. Çalışacağıq ki, qalibiyyət üçün artığını da edək. Ancaq qarşımızda "Kopenhagen" var. Onların da göstərəcəyi oyuna hazır olmalıyıq.

- “Kopenhagen”lə oyunu xatırlayırsız? Rəqib sizin üçün hansısa problemləri yarada bilər?

- Həmişə çox istəmişəm ki, Bakıdakı matçlarda qonaqlar çox olsun, xüsusilə də jurnalistlər. Bakımızla yaxından tanış olsunlar. “Kopenhagen”lə 2017-ci ildə orada oynaydan şəhəri çox bəyənmişdim. Xatirimdə qalan ən öndə olan şəhərlərdən biridir. Rəqibə gəldikdə, üstün cəhətləri çoxdur. Çünki sistemli bir oyun oynayırlar. Bu, bir tərəfdən asandır. Rəqibinizin nə etmək istədiyini biləndə, qarşısını almaq asandır. Amma tapşırıqları futbolçuların yaxşı yerinə yetirməsi problem ola bilər. Təhlillər edib komandaya demişik. Sabah oyunun gedişatında meydanda taktiki savaş gedə bilər. Hər bir halda böyük istəklə, böyük diqqətlə oynayacağıq. "Kopenhagen" elə rəqibdir ki, nəticədən asılı olmadan, oyundan həzz ala bilərəm. Ola bilər ki, 90 dəqiqə sırf meydannın içində olum. Rəqibin bəzi dəyişiklikləri, sürətli hücumları, bəzi mövqe hücumları bizə problemlər yarada bilər. Hamımız 90 dəqiqə oyunun içində olmalıyıq ki, rəqib bizim üçün problem yaratmasın.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
24
9
sportal.az

10Mənbələr