AZ

“Beynəlxalq əməkdaşlıq vasitəsilə iqlim dayanıqlığının təkmilləşdirilməsi” mövzusunda panel sessiya yekunlaşıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə “Beynəlxalq əməkdaşlıq vasitəsilə iqlim dayanıqlığının təkmilləşdirilməsi” mövzusunda keçirilən panel sessiyada beynəlxalq əməkdaşlığın müxtəlif sahələrdə dekarbonizasiya, adaptasiya və dayanıqlığı necə sürətləndirə biləcəyi araşdırılıb.

AZƏRTAC xəbər verir ki, “AnewZ” Televiziyasının Baş redaktorunun müavini Orxan Amaşovun moderatorluğu ilə keçirilən panel sessiyada məruzəçilər - BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti, Ekvadorun keçmiş xarici işlər naziri Maria Fernanda Espinosa, SOCAR-ın vitse-prezidenti Hikmət Abdullayev, bp-Azərbaycan şirkətinin əməliyyatlar üzrə vitse-prezidenti Stuart Shav, OGDC-nin direktoru Pietro Mezzano, Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyasının (IOGP) nümayəndəsi Dario Buccellato və başqaları çıxış ediblər.

Braziliyanın Azərbaycandakı səfiri Manuel Montenegro bildirib ki, hazırda əsas məqsəd danışıqlar prosesindən əməliyyat prosesinə keçməkdir:” Daha yaxşı nəticə əldə etmək üçün elmi digər sahələrlə, məsələn, texnologiyalarla inteqrasiya etməliyik. COP30-da bir çoxunuzla görüşməyi səbirsizliklə gözləyirəm”.

Maria Fernanda Espinosa diqqətə çatdırıb ki, dünyada 750 milyon insanın heç bir enerji mənbəyinə çıxışı yoxdur. “Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini inkişaf etdirmək istiqamətində göstərilən səyləri yüksək qiymətləndiririk. Bu təşəbbüs sayəsində enerjini ödəmək imkanı olmayan insanlar üçün də enerji əldə etmək mümkün olacaq”, - deyə o vurğulayıb.

Hikmət Abdullayev deyib ki, ECG kimi beynəlxalq təşkilatlarla tərəfdaşlıq müasir texnologiyalara çıxış imkanı verib. “Həmçinin GHGSAT-la əməkdaşlıq etdik. Bir neçə halda peyk vasitəsilə tullantıların atılmasını müəyyən edə bildik. Bu, mövqeyimizi daha da gücləndirdi”, - deyə SOCAR-ın vitse-prezidenti bildirib.

Panel çərçivəsində “Real iqtisadiyyatın keçid çağırışları üzrə hərtərəfli yanaşmanın zəruriliyi: dekarbonizasiya, adaptasiya və dayanıqlıq”, “Case study: SOCAR-ın dekarbonizasiya yol xəritəsi və beynəlxalq əməkdaşlıqlar”, “Emissiyaların azaldılmasında texnologiya tərəfdaşlıqlarının rolu”, “Beynəlxalq tərəfdaşlıqların və regional əməkdaşlıq mexanizmlərinin təsiri” və “Enerji göstəricilərinin yüksəldilməsi üçün tənzimləyici alətlər və fiskal təşviqlər” mövzuları müzakirə olunub.

Bununla da, “Beynəlxalq əməkdaşlıq vasitəsilə iqlim dayanıqlığının təkmilləşdirilməsi” mövzusunda keçirilən panel sessiya işini başa çatdırıb. Sessiya COP28-dən indiyədək milli səviyyədə iqlim öhdəlikləri, tərəfdaşlıqlar və investisiya proqramları barədə əsas iştirakçılara məlumat təqdim etmək üçün platforma rolunu oynayıb.

Seçilən
18
azertag.az

1Mənbələr