AZ

Paşinyan: Əldə etdiyimiz sülh, həmçinin Azərbaycan dövlətinin və xalqının nailiyyətidir

Tbilisi, 30 sentyabr, AZƏRTAC

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edib.

AZƏRTAC erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş sülhü yüksək qiymətləndirərək bildirib: “Əldə etdiyimiz yeni sülhün bu gün 1 ay 22 günü tamam olur. Biz bu sülhün qayğısına qalmalıyıq, qorumalıyıq ki, daha da möhkəmlənsin”.

Sülhün əldə olunmasında Azərbaycanın rolunu xüsusi qeyd edən Paşinyan deyib: “Mən məmnunluqla qeyd edirəm ki, bu gün Ermənistan ilə Azərbaycan arasında sülh var. Amma mən deyə bilmərəm ki, bu yalnız Ermənistan hökumətinin və erməni xalqının xidmətidir. Bu eləcə də, Azərbaycan dövlətinin və Azərbaycan xalqının nailiyyətidir. Əgər Azərbaycan tərəfinin də əzmi olmasa idi, sülh də olmazdı. Bu, eyni zamanda, Azərbaycan və Ermənistan parlamentlərinin nailiyyətidir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
18
2
azertag.az

3Mənbələr