AZ

“Bibliya necə dəyişdirilib? Tərcümənin gizli tarixi

ain.az bildirir, Kulis.az portalına istinadən.

Bu gün Beynəlxalq Tərcüməçilər Günüdür.

Kulis.az bu münasibətlə Nəriman Əbdülrəhmanlının tərcüməsində Argentina-Kanada esseisti, tərcüməçisi və romançısı Alberto Manqelin "Mütaliə tarixi" kitabından bir hissəni təqdim edir.

Parisdə, Ögüst Rodenin muzeyi yaxınlığındakı kafedə oturub XVI yüzildə Lion şəhərində yaşamış şairə Luiza Labenin alman dilinə Rayner Maria Rilkenin çevirdiyi şeirlərini diqqətlə oxuyuram. Rilke bir neçə il Rodenin katibi işləyib, sonralarsa heykəltaraşın dostu olub, hətta onun yaradıcılığı ilə bağlı vəcd dolu esse də qələmə alıb. O, bir müddət taleyinə muzeyə çevrilmək yazılmış, divarlarındakı naxışlar üzərinə günəş işığı düşən o binada yaşayıb, pəncərədən kol-kos basmış fransız bağına tamaşa edib, dodağı altında nəsə donquldanıb, naməlum bir poetik həqiqətin daim ondan yan keçdiyini güman edib; sonralarsa minlərlə oxucusu Rilkenin o həqiqəti öz əsərlərində tapacaqdılar. Həmin otaq onun oteldən-otelə, bir qəsrdən daha dəbdəbili bir qəsrə köçdüyü məqamlarda çoxsaylı müvəqqəti sığınacaqlarından biriydi. “Heç zaman yaddan çıxarma, mənim taleyimə tənhalıq yazılıb, - o, Rodenin evindən elə həmin otaq sayaq müvəqqəti olan sevgililərindən birinə yazırdı. – Ona görə də məni sevənlərə yalvarıram ki, tənhalığımı da sevsinlər. Kafenin masası arxasında oturmuşam, Rilkenin tənha pəncərəsini görürəm; indi orada olsaydı, aşağıda nə vaxtsa qələmə aldıqlarını oxuduğumu sezərdi. (...)

Şeirlərin birindəki son söz – seliglicher – üzərində xeyli dayandım. Sede – “qəlb” deməkdir; selig – “xeyir-dua almış”, kəm də “bayğın”, xoşbəxt” mənası verir. Artırılmış sonluq – icher – səmimi kəlməyə dörd hərf də artırır. Adama elə gəlir, bununla sevgilinin öpüşüylə bəxş elədiyi bayğınlığın ömrünü uzadır, er sonluğu dodaqlarında yoxa çıxanadək ağzında qalır. O üç misradakı digər sözlərsə eyni tərzdə səslənir, seliglicher yoxa çıxmaqdan imtina edə-edə səsi saxlayır.

Sonetin bu dəfə kitab nəşrinin möcüzəsi sayəsində kafedəki masanın üstündə Rilkenin müasiri olan kağız cildli başqa bir kitabındakı orijinalına baxıram. (...)

Labenin sonetlərini alman dilinə çevirən Rilke həmin sonetləri eyni vaxtda bir neçə üsulla oxuyurdu. O, Labenin təklif etdiyi kimi, keçmişi yenidən yaradırdı, amma həmin keçmiş şairəyə deyil – şair şairə barədə heç nə bilmirdi – özünə məxsus idi.

Rilke “eyni insani sözlərdə, eyni fikirlərdə, eyni təcrübədə, eyni intuisiyada” Labenin heç ağlına belə gəlməyənləri sezə bilirdi. O, doğma dili olmayan, amma danışmaq və şeir yazmaq üçün yetərincə bildiyi dildə mətnin şifrələrini aça-aça, mənaları axtara-axtara oxuyurdu. Məna çox vaxt istifadə edilən dil vasitəsilə müəyyənləşir. Bəzən hətta müəllifin iradəsi xilafına olaraq, nədənsə söz açılır, çünki dil sözlərin müəyyən bir ardıcıllığını, harmoniyasını tələb edir, buna görə də bəzi disqarmonik, ikimənalı, yaxud köhnəlmiş konstruksiyalardan qaçmaq lazım gəlir. Belə ki, bütün dil atributları müəllifdə bir söz dəstini başqa bir söz dəsti ilə əvəz etmək istəyi oyadır.

O, mənanı tapmaq məqsədilə oxuyurdu. Tərcümə - ali dərketmə aktıdır. Rilke belə hesab edirdi ki, biz tərcümə niyyətiylə oxuyanda sual və cavabların “ideal prosedur”undan keçməli oluruq, onun yardımı ilə də mənalardan ən çətin seziləni - ədəbi məna – tədricən aydın olmağa başlayır. Ədəbi mənanın örtüyü azca qalxır, amma tam açılmır, çünki kimyəvi anlamda bu mütaliə üsulu dərhal başqa bir, eynidəyərli mətnə çevrilir. Poetik fikir də sözdən-sözə keçir, bir dildən başqa dilə çevrilməyə şərait yaradır.

Laben qalın şəcərə kitablarını mütaliə edirdi, çünki bizim oxuduğumuz kitablar artıq başqalarının oxuduqları kitablardır. İndi əlimizə bir vaxt başqasına məxsus olmuş bir kitab düşəndə nə qədər zövq duymağımızdan söz açmırıq. (...) Labenin bənzərsiz kitabxanasında qayğıyla qorunan kitablar hansı kitablar idi? Bunu dəqiq bilmirik, amma təsəvvürümüzdə canlandırmaq mümkündür. (...)

Üstəlik, hər bir oxucu kimi, Rilke də Labenin şeirlərində öz təcrübəsini tapırdı. Oxuduğumuz mətndə hərfi və ədəbi mənadan başqa öz həyatımızın və şəxsiyyətimizin kölgəsi də əks olunur. Luiza Labenin heyrətamiz misralarının, güman ki, ilhamvericisi olan əsgər şairənin özü kimi, Rilke üçün dörd yüz il sonra otağında kitabını oxuduğu ədəbi personajdan başqa bir şey deyildi. O, Luizanın yaşantıları – yuxusuz gecələri, qapı ağzında həsrət dolu intizarı, özünü zahirdə xoşbəxt kimi qələmə verməsi, əsgərin adı təsadüfən çəkiləndə belə, nəfəsinin tutulduğu, pəncərəsinin altından keçən adamın həmin əsgər deyil, yalnız oxşarı olduğunu başa düşəndə dərhal sarsıntı keçirdiyi – barədə heç nə bilmirdi, çarpayısı yanındakı dolabçanın üstünə qoyduğu kitabda bütün bunlar yazılmamışdı. Labenin sonralar, artıq orta yaşlı Ennemon Perrenlə xoşbəxt nikahda olan, əsgərsə bir qədər xoşagəlməz xatirələrə çevrilən vaxt qələmə aldığı mətnə Rilke ancaq öz tənhalığını qata bilərdi. Bu da, əlbəttə ki, tamamilə yetərliydi, çünki suya baxan Narsis kimi, biz oxucular da nəzər saldığımız mətndə öz əksimizi tapmaqdan zövq alırıq. Hələ tərcümə ilə dərk etmək fikrinə düşməzdən qabaq Rilke onun şeirlərini elə oxuyurdu ki, elə bil, tək halın birinci şəxsi məhz ona aid idi.

Rilkenin Luiza Labenin şeirlərini çevirməsindən söz açan Corc Steyner onu tərcümənin həddən artıq yaxşı alınmasında günahlandırır, bu məsələdə Semyuel Consonla tamamilə həmfikirdir. “Tərcüməçi müəllifə dəng gəlməli, ondan üstün olmamalır”, - Conson yazırdı. Steyner isə əlavə edirdi: “Belə bir şey baş verirsə, deməli, orijinalda müəyyən qüsur var, oxucu isə qarət, həqiqi mənzərədən məhrum edilib”. Burada əsas söz “həqiqi” kəlməsidir. Bu gün Labenin şeirlərini öz zamanı və məkanı xaricində doğma fransız dilində belə oxuyanda mətn mütləq oxucunun nəzərində sınır. Etimologiya, sosiologiya, dəblərin və sənət tarixinin öyrənilməsi – bütün bunlar mətnlə bağlı təsəvvürlərimizi zənginləşdirir, amma bu, mahiyyətcə arxeologiyadan artıq təsir göstərmir. (…)

Labe şeirlərində mahir ifaçı kimi gizli və tarixi sözlük olmadan dərk eləyə bilməyəcəyimiz musiqi dilindən yararlanır. Plein ton XII əsrdə makor tonallığı bildirirdi, onun əksi isə ton feint – minor tonallıq idi. Feint – hərfi tərcümədə “riya, yalan” mənası verir; beləliklə, şeirlərdə dütarın minor ovqatda çalındığından, şairəninsə “var səsi ilə” (yəni, major tərzdə) oxuduğundan söhbət gedir. Müasir oxucu bunu başa düşmək üçün Labenin dövründə hamıya məlum olan ümumi məlumatları bilməli, yəni, onunla eyni vaxta keçmək üçün müəyyən cəhd göstərməlidir. Labenin auditoriyasını əvəz etməklə bağlı cəhdimiz əbəsdir, çünki şeirlərinin ünvanlandığı oxuculara çevrilmək iqtidarında deyilik. (…)

Burada alman diliylə bağlı xüsusi bilik tələb olunmur, üstəlik də Luiza Labenin sonetindəki musiqi metaforası qayğıyla saxlanıb. (...) Luiza Labeyə məxsus sadəliyin (bəyəm, “bayağılığın” deyə bilərəm?!) müəyyən qismi tərcümədə itirilib, əvəzindəsə dərinlik artıb, faciəvilik də şiddətlənib. Həm də Rilke mütaliəsinin Labe poeziyasını müasiri olmayan hər hansı bir tərcüməçinin oxunuşundan daha artıq təhrif etdiyini söyləmək olmaz; yox, o, işini əksəriyyətimizin qadir olduğumuzdan daha yaxşı görüb, çünki şairənin şeirlərini oxumağımıza imkan verir. Yoxsa bu gün o şeirləri yalnız zəif intellektimiz səviyyəsində dəyərləndirərdik.

XX yüzilin şairlərindən niyə məhz Rilkenin Qərbdə bu qədər populyarlıq qazandığı barədə suala cavab verən tənqidçi Pol de May güman edirdi ki, ola bilsin, “o, əksər oxucuların sanki mövcudluğundan xəbərləri olmadığı fərdiliklərinin ən gizlin guşələrini açdı, ya da onları ağır yaşantılara məruz qoydu, sonra da o yaşantılarından keçmələrinə yardım etdi”. Rilkenin Labe şeirlərini oxuma tərzi onların sadəliyini daha açıq-aşkar üzə çıxarmasını nəzərə almasaq, heç nəyi “həll etmir”; bunun əvəzində, o, deyəsən, Labe şeirlərinin poetik mənasını dərinləşdirmək, o mənanı orijinalda olduğundan daha da uzaqlara aparmaq, sözlərində müəllifin gördüklərindən daha çox şeyləri görmək istəyirdi.

Labe zamanında mətnin nüfuzuna hörmət artıq hüdudsuz deyildi. XII əsrdə Abelyar tənqiddən qaçmaq üçün öz fikirlərini Aristotelə, yaxud ərəb alimlərinə sırımağı mühakimə edir, bu, öküzlərin boynuna bağlanmış zəncir saydığı “nüfuz dəlil-sübutu”, onun fikrincə, oxucunun şüurunda klassik mətnlərin və adlı-sanlı müəlliflərin qüsursuz sayılmaları idi. Ümumi mütaliə qüsursuzdursa, onda bəs, interpretasiyanın yerini harada axtarmaq lazımdır?

Həm də hətta ən qüsursuz mətn – Allah Kəlamı olan Bibliya - oxucuları tərəfindən saysız-hesabsız dəyişikliklərə məruz qalıb. (…) Bibliyanın Yepiskop variantı üzərində işləyən tərcüməçilər onu ingilis dilində və digər dillərdə olan daha erkən tərcümələrlə müqayisə edir, öz işlərində əvvəlki bütün tərcüməni birləşdirməyə səy göstərirdilər (…)

Rəsmi nöqteyi-nəzərdən yeni tərcümə mətni daha aydın, ilkin mənasını isə bərpa etməli idi. Amma hər bir uğurlu tərcümənin mütləq orijinaldan fərqlənəcəyi qaçılmazdır, çünki ilkin mətn həmin versiyanın içində əriyir, incə ikimənalılıqlardan təmizlənir, interpretasiyaya uğrayır. Məhz tərcümə sayəsində ilk oxunuşdan sonra itirilmiş bakirəlik yeni libasda peyda olur, oxucu isə sirrini-sehrini geri qaytarmış və yenilənmiş mətnlə qarşılaşır. Tərcümənin qaçılmaz ziddiyyəti və zənginliyi də bundadır.

Kral Yakov və tərcüməçiləri üçün genişmiqyaslı əməlləri açıq-aşkar siyasi məqsəd daşıyırdı: onlar tək-tək və birgə oxumaq mümkün olan Bibliya yaratmaq istəyirdilər. Nəşr imkanları onlarda eyni kitabı sonsuzluğacan yenidən yaratmaqla bağlı illüziya yaradır, tərcümə aktı isə o illüziyanı daha da möhkəmləndirir, bununla yanaşı da mətnin çoxsaylı versiyalarını vahid, rəsmən bəyənilmiş, hamıya tövsiyə edilən, dini cəhətdən məqbul versiya ilə əvəz edirdi. Kral Yakovun dördillik ağır zəhmətdən sonra, 1611-ci ildə nəşr edilmiş, bu gün ingilisdilli ölkələrin otellərində çarpayılar yanına qoyulmuş versiyası “müəllifləşdirilmiş versiya”, “meşşanın Bibliyası” kimi qəbul edildi ki, bu da vahid mətn oxucuları birliyini yaratmaq cəhdinin köhnə cəhdidir.

Kral Yakovun tərcüməçiləri “Oxuculara müraciət”də yazırdılar: “Tərcümə - işıq düşməsi üçün pəncərənin açılmasıdır; içindəkini yeməyimiz üçün qabığın sındırılmasıdır; əsl müqəddəs yerləri görməyimiz üçün pərdənin qaldırılmasıdır; susuzluğumuzu yatırmaq üçün quyunun ağzından qapağının götürülməsidir”. Bu, o deməkdir ki, “Müqəddəs Kitab”ın işığından qorxmamaq, yozumunu oxucuların öhdəsinə buraxmaq lazımdır; arxeologiya ilə məşğul olmağa, mətnin illüziyasayağı ilkinliyini geri qaytarmağa çalışmaq lazım deyil, əksinə, mətni zamanın və məkanın buxovlarından azad etmək gərəkdir; ütülü izahlar axtara-axtara onu sadələşdirmək əvəzinə məna dərinliyini tamam-kamal üzə çıxarmağa ehtiyac var; mətni ehkamçılara məxsus şərhlərlə təchiz etməyə deyil, yeni orijinala bərabər versiya yaratmağa zərurət duyulur. “Bəyəm, İlahinin səltənəti sözlərdə, yaxud qafiyələrdədir? – Tərcüməçilər sual verdirdilər. – Azad ola biləriksə, qandallar nəyimizə gərəkdir?” Bu sualı neçə yüzillər sonra, bu gün də eşirmək mümkündür.

Rilke qaradinməz Yakob Burkhardın gözləri qarşısında Odeon meydanındakı kitab dükanının sahibi ilə ədəbi mükaliməsini daha da uzatdığı məqamda içəri bir qoca girdi; ilk baxışdan məlum olurdu ki, daimi müştəridir, belələri söhbət kitabdan gedəndə izinsiz-filansız sözə qarışırlar. Az sonra söz Jan dö Lafontenin poetik fəzilətlərindən, Rilkenin əməlli-başlı vəcd duyduğu təmsillərindən, dükançının “təxminən Lafontenin kiçik qardaşı” hesab etdiyi elzaslı yazıçı İohann Peter Hebeldən düşdü.

“Bəyəm, Hebeli fransız dilinə tərcümədə oxumaq olar?” – Rilke riyakarcasına soruşdu. Qoca dartıb kitabı şairin əlindən aldı. “Hebelin fransızcaya tərcümə olunmuş kitabıdır! – O, qışqırdı. – Bəs, indiyəcən alman dilindən, heç olmasa, pis adlandırıla biləcək bu cür tərcümə oxumusunuz? Bu iki dil bir-birinin tamamilə əksidir”. “Hebelin əsərlərini fransız dilinə çevirə biləcək yeganə fransız Lafonten idi. Əlbəttə, alman dilini bilsəydi, artıq özünə heç oxşamazdı”. “Cənnətdə, - bu məqamacan dillənməyən dükançı onun sözünü kəsdi, - onlar, şübhəsiz, lap çoxdan unutduğumuz bir dildə söhbət edirlər”.

Amma qoca hiddətlə çımxırdı: “Of, cənnət cəhənnəm olsun!”

Amma Rilke dükançı ilə həmfikir idi. Kral Yakovun tərcüməçiləri Varlıq Kitabının 11-ci fəslində yazırdılar ki, Allah Babil qülləsinin inşasına mane olmaq üçün bütün dilləri bir-birinə qarışdırmazdan əvvəl “Yer üzündə bircə dil və bircə ləhcə vardı”. Bir çoxları bəşər tarixi boyu kabbalaçıların həm də cənnət dili saydıqları o ilkin dili axtarıb, həmişə də uğursuzluğa düçar olublar.

1836-cı ildə Vilhelm von Humboldt belə bir mülahizə yürüdürdü ki, hər bir dil həmin dildə danışan bütün xalqı ifadə edən öz “daxili linqvistik formasına” malikdir. Yəni, hər bir konkret dildəki bircə söz belə, hər bir başqa dildəki sözlərlə identik ola bilməz, buna görə də tərcümə küləyin sifətini uydurmaq, yaxud qumdan kəndir hörmək kimi mümkünsüz vəzifədir. Tərcümə yalnız canlı şəkildə, mətnin dərketmə prosesinin heç bir qaydasına tabe olmayan, orijinalda gizlənmiş mənasını tərcüməçi dilinin paradiqması vasitəsi ilə yaranır.

Doğma dilimizdə oxuyanda mətn öz-özlüyündə maneəyə çevrilir. Biz mətni sözlərin imkan verdiyi qədər, bütün mümkün mənalarını qəbul etməklə anlaya, onu güzgülər sistemi kimi əks etdirəcək başqa mətnlər də ərsəyə gətirə, oxuduğumuzu genişləndirən və bəzəyən başqa bir, tənqidi mətn də yarada bilərik, amma dilin yaşadığımız kainatın hüdudlarını müəyyənləşdirdiyi faktını gizlətmək iqtidarında deyilik. Tərcümə - mətnin yeni, ağlagəlməz mənalarının üzə çıxdığı paralel dünyaların yaradılmasını nəzərdə tutur. Həmin mənalar üçün də söz yoxdur, çünki sakinlərin, orijinal dillər arasında tərcüməçinin də olmadığı intuisiyalar diyarında mövcuddurlar.

Pol dö Mana görə, Rilkenin şeirləri həqiqət vədi verir, amma şair son məqamda yalan söylədiyini etiraf etməlidir. “Güman ki, Rilke, - Man deyirdi, - belə bir vədin təxirəsalınmazlığını elə gerçəkləşmək üzrə olduğu məqamda da eyni dərəcədə təxirəsalınmaz və az qala, poetik tələbat kimi dərk edib”. Rilkenin Labe misralarını köçürdüyü o amanabənd yerdə sözlər (Labe, yaxud Rilke, artıq müəlliflik heç bir əhəmiyyət kəsb etmir) sözlər elə heyrətamiz tərzdə zənginləşir ki, artıq tərcümə mümkün olmur. Oxucu (həmin oxucu mənəm, kafenin masası arxasında oturmuşam, qarşımda da alman və fransız dilində açıq kitablar var) həmin bu sözləri həddən artıq məhrəm kəlmələr kimi, müəyyən bir dil vasitəsilə deyil, hər şeyi bürüyən, dünyanı kağız üzərində də, ondan çox-çox uzaqlarda da eyni zamanda yaradan və yenidən müəyyənləşdirən sözsüz təcrübə kimi – Nitsşe bunu mətndə “üslub mütəhərrikliyi” adlandırır - qəbul etməliyəm Tərcümə ağlagəlməz bir şey, xəyanətkarlıq, dələduzluq, tapıntı, ümidverici yalan sayıla bilər, amma bütün hallarda oxucunu daha da müdrikləşdirir, daha yaxşı, abırlı, həssas dinləyiciyə - seliglicher - çevirir.

31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

Azərbaycanlı fotoqrafın işləri İtaliyada sərgilənib

Xankəndi şəhər gününün açılışı olub

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
kulis.az

1Mənbələr