AZ

Rusiya Qafqazdan çəkilmir: sabitlik, yoxsa idarə olunan sabitsizlik? – ÖZƏL

Rusiya - Güney Qafqazın "çəkilib-getməyən" oyunçusumu?..

"Rusiya səfirinin son açıqlamaları bir daha göstərdi ki, Moskva Güney Qafqazda özünü "əzəli və əbədi" qüvvə kimi görməkdədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. O bildirib ki, Sergey Kopırkinin "Rusiyanı buradan çıxarmaq mümkün deyil" fikri həm siyasi ritorika, həm də Kreml strategiyasının açıq etirafıdır. Əslində, Rusiya bu məkanın sabitliyindən daha çox, sabitsizliyini idarə etməklə mövcudluğunu qoruyur. Moskvanın əlindəki strateji vasitələr yaxşı tanışdır. Gəlin yığcam şəkildə sıralayaq:
Hərbi amil - Ermənistan ərazisindəki 102-ci baza və sərhəd qoşunlarının fəaliyyəti Kremlin təsir tutalğaclarının ən başlıcasıdır. 2044-cü ilə qədər saxlamaq planı da göstərir ki, Moskva bölgədəki hərbi varlığını zəiflətmək niyyətində deyil;
İqtisadi təsir - Avrasiya İqtisadi Birliyi, gömrük və enerji şəbəkələri vasitəsilə Ermənistan və dolayısı ilə bölgə iqtisadiyyatını nəzarətdə saxlamaq;
Diplomatik vasitəçilik - Azərbaycan-Ermənistan danışıqlarında daim "tərəfsiz vasitəçi" statusu iddiası ilə prosesləri nəzarətə götürmək;
Nəqliyyat-tranzit kartı - Zəngəzur dəhlizi ətrafındakı mübahisələr də məhz bu alətin təzahürüdür.

Araşdırmaçı-yazar əlavə edib ki, Zəngəzur adının yanıbaşında bir də "Tramp yolu" - yeni xəritənin sınaq zolağı da Kreml baxış bucağından xüsusi maraq ünvanıdır.
Bəli, burada Batı faktorunun təzahürünü də görmək mümkündür. Yolun açılması bölgədə ən azı üç istiqamətdə geopolitik təsir göstərə bilər:
-Azərbaycan-Türkiyə bağlantısı - Türk dünyasının canlı arteriyası olacaq bu xətt Bakının da, Ankaranın da bölgəsəl çəkisini artıracaq;
-Rusiya faktoru - Moskva tranzit üzərində öz sərhədçilərinin nəzarətini şərt qoyaraq, təsir zonalarını qorumaq niyyətindədir. Bu, əslində "dəhlizi də açın, amma açarları bizdə qalsın" siyasətidir;
-Batı və Avrasiya qarşıdurması - Yolun iqtisadi-ticarət funksiyası təkcə bölgə deyil, həm də Avropa-Çin xəttində yeni alternativlərin formalaşmasına yol aça bilər. Burada ABŞ-nin də marağı aydındır - oyuna qatılmaq, Rusiyanın hegemonluğunu zəiflətmək.

"Kreml sabitlikdən danışır, amma sabitliyin şərtlərini özü müəyyənləşdirmək istəyir. "Tramp yolu" isə, əslində, Güney Qafqazda kimin gələcəyin memarı olacağını müəyyən edəcək bir sınaqdır. Bu yolun qapısı açılarsa, bölgənin taleyi təkcə Moskvanın deyil, Ankara, Bakı və ümumi Türk dünyasının ritmləri ilə də yazılacaq", - deyə ekspert vurğulayıb.

Bölgənin sualı - belə demək olarsa - indi bu cürdür: Sabitlik kimin əlindədir - Rusiyanın hərbi bazasında, yoxsa xalqların açıq yollarında?.. 

Bağlı yol da, istiqanlı Qafqazdan soyuq quzeyə bağlılıq da, hər hansı tıxanıqlıq, dalan da parlaq gələcək vəd edə bilməz. Bu bölgədə yeni gerçəkliklər yaratmış Azərbaycanı dinləmək, Azərbaycandan öyrənmək alternativlərin ən yaxşısıdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr