AZ

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü qeyd olunub

Sentyabrın 30-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının və prokurorluğun veteranlarının, eləcə də media nümayəndələrinin iştirakı ilə milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Bu barədə Poliqon-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə gül dəstələri düzərək, dünya şöhrətli şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla anıb, yaralılara şəfa diləyiblər.

Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını, o cümlədən mərasim iştirakçılarını 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.

Bildirilib ki, Azərbaycan prokurorluq orqanları 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi ilə əlaqədar dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamla 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları arasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının ifadəsi və onun roluna rəsmi münasibətin təzahürü olub.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın firavan gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan və görülən müstəsna işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən, bəhs edilərək vurğulayıb ki, qazanılan uğurlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verir.

Prokurorluğa, o cümlədən Hərbi Prokurorluğa dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edən Bəhruz Əhmədov bunun işin səmərəliliyini şərtləndirdiyini qeyd edərək, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun uğurlu fəaliyyətindən danışıb.

Sonda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Hərbi prokuror tərəfindən təltiflər, prokurorluğun bir qrup veteranlarına isə hədiyyələr təqdim olunub.

Poliqon.info

Seçilən
21
19
poliqon.info

10Mənbələr