AZ

Həkim kosmetoloq xəbərdarlıq edir: “Qeyri-peşəkar prosedurlar sağlamlıq üçün təhlükəlidir”

18:36 30.09.2025
18:36 30.09.2025

Son illərdə estetik prosedurlara maraq artsa da, bu sahədə ixtisaslaşmamış şəxslərin xidmət göstərməsi halları da çoxalıb. Bu isə insanların sağlamlığı üçün birbaşa risk yaradır. Məsələ ilə bağlı Mynews.az-a açıqlama verən həkim-kosmetoloq Həlimə Qurbanlı (Azərbaycan Tibb Universitetinin məzunu, hazırda “Aspera” klinikasında çalışır) bir sıra vacib məqamlara toxunub.

Həkim bildirir ki, ən çox rast gəlinən riskli prosedurlar həkim olmayan şəxslər tərəfindən icra olunan inyeksiyalardır – mezoterapiya, dolğu, botox və s.
Onun sözlərinə görə, steril olmayan mühitdə aparılan müdaxilələr və dəri tipinə uyğun olmayan texnikalar tez-tez ağır nəticələr doğurur:

  • Allergik reaksiyalar və ödem,

  • İnfeksiyalar və irinli yaralar,

  • Damar tıxanıqlığı – xüsusilə dolğu zamanı korluq və toxuma ölümü riski,

  • Qeyri-təbii nəticələr və simmetriya pozuntuları.

Həlimə Qurbanlı ucuz və sertifikatsız preparatların istifadəsinin daha da təhlükəli olduğunu xüsusi vurğulayıb:

“Tərkibi bilinməyən dolğular uzunmüddətli fəsadlara səbəb ola bilər. Çin istehsalı saxta botox hətta əzələ iflicinə gətirib çıxara bilir. Saxlama şəraiti pozulmuş və istifadə müddəti bitmiş preparatlar isə təsirini itirmiş, bəzən də zərərli olur.”

Kosmetoloq əlavə edib ki, yalnız tibbi təhsili olan həkimlər bu prosedurları icra etməlidir:

  • Anatomiya bilikləri ilə dəri altı qatlara düzgün müdaxilə edə bilirlər,

  • Təcili vəziyyətlərdə müdaxilə qabiliyyətinə sahibdirlər,

  • Sertifikatlı və orijinal preparatlardan istifadə edirlər,

  • Təhlükəsiz və steril şərait təmin edirlər.

Müsahibəsində Həlimə Qurbanlı vətəndaşlara da bir sıra tövsiyələr edib:

“Kosmetoloji xidmət seçərkən sosial şəbəkədəki görüntüyə deyil, mütləq həkimin təhsilinə və lisenziyasına baxın. İstifadə olunan preparatların adı, seriya kodu, mənşəyi ilə maraqlanın. Həmçinin prosedurdan əvvəl razılaşma və məlumatlandırma vərəqi tələb edin.”

 “Gözəllik sağlamlıqdan üstün ola bilməz. Ucuz prosedurlar sonradan sağlamlığınız üçün baha başa gələ bilər”, – deyə həkim-kosmetoloq Həlimə Qurbanlı mynews.az-a müsahibəsində bildirib.


Seçilən
28
mynews.az

1Mənbələr