AZ

ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı heç bir qanun qəbul etməyib

ABŞ-də şatdaun təhlükəsi getdikcə artır...

Poliqon xəbər verir ki, ABŞ Senatı hökumətin fəaliyyətini maliyyələşdirmək məqsədilə təqdim olunan iki qanun layihəsini təsdiqləyə bilməyib. Hər iki sənədin qəbul edilməsi üçün lazım olan 60 səs toplanmayıb. Bu vəziyyət hökumətin fəaliyyətinin dayandırılması – şatdaun ehtimalını daha da gücləndirib. Şatdaun 1 oktyabr gecə yarısı (Bakı vaxtı ilə saat 07:00-da) qüvvəyə minə bilər.

Məsələni daha da mürəkkəbləşdirən əsas səbəb səhiyyə ilə bağlı xərclərdir. Demokratlarla respublikaçılar bu sahədə ciddi fikir ayrılığı yaşayırlar. Respublikaçıların mövqeyinə görə, demokratlar immiqrasiya məsələsini, xüsusilə də sənədsiz miqrantlara tibbi xidmət göstərilməsini maliyyələşdirməyə çalışır.

Senatda çoxluğun lideri Con Tün demokratları hökumətin bağlanması təhdidindən siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə günahlandırıb. O, bildirib ki, demokratlar qısamüddətli razılaşmanı dəstəkləməlidirlər, əks halda hökumətin fəaliyyətinin dayandırılmasının məsuliyyəti onların üzərinə düşəcək.

Qeyd edək ki, təqdim olunan qanun layihələrindən biri artıq Nümayəndələr Palatası tərəfindən qəbul olunmuşdu, lakin Senatda dəstək görmədi. Hazırda tərəflər arasında kompromis əldə olunmasa, ölkədə federal hökumətin fəaliyyətində ciddi məhdudiyyətlər və maliyyə böhranı başlaya bilər.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr