AZ

Danimarkada “dron divarı” inşa olunacaq

Danimarkada

Avropa İttifaqı liderləri çərşənbə günü Kopenhagendə keçiriləcək sammitdə qitəni qorumaq üçün Danimarkada “dron divarı”nın yaradılmasını müzakirə edəcəklər.

Reyting.az
xəbər verir ki, naməlum dronlar Danimarkanın hava məkanını pozduqdan sonra Fransa, Almaniya, İsveç, Norveç, Hollandiya, Böyük Britaniya və Finlandiya Danimarkaya qoşun və əks-dron sistemləri yerləşdiriblər.

Qeyd edək ki, həmin ölkələrin bir çoxu Rusiyanı Polşaya dron hücumu səbəbindən Avropa hava məkanını həyasızcasına pozmaqda ittiham ediblər.

Eyni zamanda, Danimarka ötən həftə hava məkanında altı hava limanının fəaliyyətini dayandıran insidentlərə görə kimin məsuliyyət daşıdığını açıqlamayıb. Bununla belə, baş nazir Mette Frederiksen Moskvanın məsuliyyət daşıdığını ehtimal edir.

Rusiya isə Danimarka səmasında pilotsuz təyyarələrinin olmadığını və onun döyüş təyyarələrinin Estoniyanın hava məkanını pozmadığını bildirir.

Moskva bəyan edib ki, Rusiyanın Polşaya öz pilotsuz təyyarələrini göndərmək planı yoxdur.

Lakin bu hadisələr Avropa liderlərini qitənin müdafiəsini, Rusiyanın işğalına qarşı mübarizəni və Ukraynaya dəstəyi artırmaq çağırışlarını gücləndirib. ABŞ prezidenti Donald Tramp isə Aİ-nin hər iki cəbhədə daha böyük məsuliyyət daşımasını tələb edib.

Buna görə də, sammit zamanı Aİ liderləri NATO hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını (PUA) aşkar etmək, izləmək və zərərsizləşdirmək üçün “dron divarı” – sensorlar və silahlar şəbəkəsi də daxil olmaqla, dörd qabaqcıl müdafiə layihəsini müzakirə edəcəklər.

“Business Insider” daha əvvəl yazıb ki, Rusiya təyyarələri mütəmadi olaraq NATO hərbi gəmilərinin yaxınlığından uçur. NATO-nun 1-ci Daimi Dəniz Qrupunun hollandiyalı komandiri Aryen Varnarın qeyd etdiyi kimi, Rusiya təyyarələrinin bu cür uçuşları Moskvanın Ukraynaya ilkin müdaxiləsindən və 2014-cü ildə Krımın ilhaqından sonra müntəzəm olaraq baş verib.

E. KAMAL
Seçilən
16
reyting.az

1Mənbələr