AZ

Dünya Bankı Azərbaycanı suvarma sistemlərini modernləşdirməyə çağırıb

Azərbaycan kəskin su qıtlığı ilə üzləşir, bu halda ölkənin su ehtiyatlarının təxminən 70 %-i transsərhəd mənbələrdən daxil olur ki, bu da onu iqlim dəyişikliyinə qarşı xüsusilə həssas və qonşu dövlətlərlə əməkdaşlıqdan asılı edir.

“Report” xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmayster (Stefanie Stallmeister) Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.

Onun sözlərinə görə, qlobal iqlim çağırışları çoxtərəfli yanaşma tələb edir və Azərbaycan üçün həm regional qarşılıqlı əlaqə, həm də su ehtiyatlarının idarə olunmasında daxili islahatlar həyati əhəmiyyətə malikdir.

“Suyun 70 %-nin transsərhəd mənbələrdən daxil olduğunu nəzərə alaraq, ölkə digər dövlətlərin su ehtiyatlarından asılıdır ki, bu da regional əməkdaşlığı vacib edir”, – o qeyd edib.

Ş.Ştalmayster vurğulayıb ki, Azərbaycan sudan səmərəli istifadə üçün irriqasiya sistemlərini modernləşdirir və iqlimə davamlı kənd təsərrüfatını inkişaf etdirir. Lakin daha çox iş görmək – quraqlığa və duza davamlı bitki sortları tətbiq etmək, yeni texnologiyalardan daha fəal istifadə etmək və beynəlxalq əməkdaşlığı genişləndirmək lazımdır.

“Dünya Bankı və ya Asiya İnkişaf Bankı kimi təşkilatlar bilik mübadiləsinə və tərəfdaşlıqların qurulmasına kömək edə bilər”, – bankın nümayəndəsi əlavə edib.

Seçilən
19
1
7times.az

2Mənbələr