AZ

“Auditlər parkinq ərazisindəki avtomobillərin vaxtını bağlayırlar” – “AzParking”in əməkdaşının şikayətinə RƏSMİ CAVAB

Bakıda “AzParking”in əməkdaşı şirkət tərəfindən onlara qarşı edilən haqsızlıqlarla bağlı şikayətçi olub.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

“AzParking”in əməkdaşı bildirib ki, onların əmək hüquqları kobud şəkildə pozulur.

“Təbii ehtiyaclarımızı ödəmək üçün gün ərzində yalnız bir dəfə icazə verilir. Yemək saatlarımızı özləri bölürlər. Bildirirlər ki, biz istəyən vaxt siz yeməyə gedə bilərsiniz. Onların öz auditləri var – Zalış Zeynalov və İlkin bəy adlı şəxslərdir. Bu şəxslər ərazidən keçəndə parkinq ərazisində olan avtomobillərin vaxtını bağlayırlar. Nəticədə biz həmin maşınların nömrələrini sistemdə görmürük və sürücülərlə aramızda mübahisə yaranır. Onlara təlimat verənlər isə xidmət rəisi Yalçın Bəşirov və bölgə müdiri Azər Seyfullayevdir. Sahə rəisi olmaq istəyənlərdən isə pul tələb edirlər”, – deyə şikayətçi iddia edib.

Oxu.Az-ın sorğusuna cavab olaraq “AzParking” MMC-nin Mətbuat Xidmətindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əməkdaşlarımızın əmək hüquqları tam qorunur. Parklanma xidməti üzrə bələdçilərimiz növbəli qrafiklə çalışırlar:

•birinci növbə: 07:00 – 14:30

•ikinci növbə: 14:30 – 22:00

İş günü ərzində bir saat nahar fasiləsi təmin edilir. Əməkdaşlarımız fasilələrdən sərbəst istifadə etmək hüququna malikdirlər. Onu da qeyd edək ki, əməkdaşların təbii ehtiyaclarının ödənilməsi ilə bağlı şirkət və rəhbərlik səviyyəsində bu istiqamətdə hər hansı qərar qəbul edilməyib, günün istənilən vaxtı fasiləyə çıxmaq imkanı təmin edilib.

Bayram günlərində işə çıxan əməkdaşlarımıza qanunvericiliyə uyğun şəkildə və normalar daxilində əməkhaqqı ödənilir.

Bütün əməkdaşlar ödənişli və ödənişsiz məzuniyyət hüququna sahibdirlər. Şirkət sosial məsuliyyət prinsiplərinə uyğun olaraq həssas əhali qruplarından işə qəbul həyata keçirir.

Komandamızda çoxuşaqlı ailə başçıları, övladını tək böyüdən atalar, təhsilini davam etdirən tələbələr və əlilliyi olan şəxslər çalışırlar. Onların bir çoxu digər şirkətlərdə iş tapa bilmədiyi halda, “AzParking” ailəsinə qoşularaq iş sahibi olub.

Yayılan videoda səslənən audit əməkdaşlarının vətəndaşların sessiyalarını bağlaması barədə iddia da həqiqəti əks etdirmir. Audit əməkdaşlarının belə bir səlahiyyəti yoxdur, sessiyalar yalnız sistem üzərindən və tam izlənilə bilən şəkildə idarə olunur.

Baş bələdçilərin işə qəbul edilmə prosesi barədə iddia da reallığa uyğun deyil. Baş bələdçi daxili dəyərləndirmə nəticələri, performans göstəriciləri, liderlik və komanda idarəetmə kompetensiyalarına əsasən seçilir. Nəhayət, “i-Patrul” sürücülərinin işə götürülməsi barədə iddianın da əsası yoxdur. Belə ki, “i-Ppatrul” sürücüləri müsahibə və sənədləşmə yolu ilə işə qəbul olunurlar.

“AzParking” MMC olaraq əsas hədəfimiz vətəndaşlara yüksəkkeyfiyyətli xidmət göstərmək, eyni zamanda, əməkdaşlarımızın hüquqlarını qorumaqdır. Qərəzli məlumatlara faktlarla cavab verəcək, fəaliyyətimizi ədalət, etibar və qarşılıqlı dəyər prinsipləri üzərində davam etdirəcəyik”, – deyə məlumatda bildirilib.

Seçilən
9
6
konkret.az

7Mənbələr