AZ

ABŞ Səfirliyindən şatdaunla bağlı paylaşım

Xəbər verdiyimiz kimi, bu gün ABŞ federal hökuməti qismən fəaliyyətini dayandırıb.

Buna səbəb ölkədə federal agentliklərin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsinin qəbul edilməməsi olub.

"Cebheinfo.az" xəbər verir  ki, ABŞ-nin Azərbaycandakı Səfirliyi də məsələ ilə bağlı paylaşım edib.

“Maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq, “Facebook” sosial media hesabımızda tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq. İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir”, - açıqlamada bildirilib.

Həmçinin qeyd olunub ki, hazırda ABŞ-də, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək: “Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır.  Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün travel.state.gov saytına daxil olun”.

Qeyd edək ki, federal hökumətin fəaliyyətini dayandırması zamanı (şatdaun - red.) dövlət müəssisələrinə vəsait xərcləmək qadağan edilir, əməkdaşların əksəriyyəti isə öz hesabına məzuniyyətə göndərilir. 

ABŞ qanunvericiliyinə əsasən, milli təhlükəsizliyin təmin edilməsi və xarici siyasət məsələlərinə cavabdeh olan nazirlik və qurumlar federal hökumətin maliyyələşdirilməsinin dayandırılması halında belə işləməyə davam edirlər. 

Bu şərtlərdə işinə davam etməyə məcbur olan dövlət qulluqçuları əməkhaqqı almır, lakin adətən onların maaşı maliyyələşmə məsələsi həll edildikdən sonra ödənilir.

"Cebheinfo.az" 

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr