AZ

“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər”

“Analizə

“Naxçıvanda quduzluğu təyin etmək üçün aparılan analizin qiyməti on dəfə artıraraq 600 manata çatdırılıb. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun (NQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası bu analizi etsə də, vətəndaşa heç bir qəbz təqdim olunmur”.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Gündəlik Azərbaycan” səhifəsinə muxtar respublikada yaşayan vətəndaşlar müraciət ediblər.

Onların sözlərinə görə, ev heyvanlarını Naxçıvandan çıxarmaq istəyənlərdən hava limanı ərazisində sözügedən analizin nəticələri ilə bağlı arayış tələb olunur. Yerli sakin Şirvan Qurbanov itini Bakıya apararkən eyni problemlə üzləşdiyini deyib: “İtimi apardım quduzluğa görə qan analizi götürsünlər. 600 manat pul istədilər. Məcbur qalıb 600 manatı verdim. Ödədiyim pula görə qəbz istədim, güldülər mənə. Bir itin qan analizi üçün bu həqiqətən də uyğun rüşvət deyil”.

Digər sakin Sahib Xudiyev isə Türkiyəyə it aparmaq istəyərkən eyni problemlə qarşılaşıb: “Əvvəllər də Bakıya, Türkiyəyə it göndərmişəm, 50-60 manat verib baytarlıqda qan analizini verə bilirdik. İndi göndərirlər Qida Təhlükəsizliyi İnstitutuna. Orada da deyirlər iti gətir, 600 manat ver qanını analizə verək. Mütəxəsislərdən öyrəndim ki, ötən il bu cür testlər üçün qiymət təxminə 60 manat civarında olub. 3 ayı tamam olmuş bir itin qanını analizə vermək üçün 600 manat alınması insafsızlıqdır. Etiraz etsəm də, xeyri olmadı. Alternativ olmadığı üçün ödəməyə məcbur oldum. Ödədiyim pula görə, qəbz də verilmədi, yalnız analizin nəticəsini verib yola saldılar.”

Şikayətçilər əvvəllər bu analizin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirildiyini, analiz üçün 50-60 manat tələb olunduğunu bildiriblər.

Problemlə bağlı Naxçıvan Qida Təhlükəsizliyi İnstitutuna sorğu ünvanladıq. Məlum oldu ki, sözügedən qurumda hazırda həmin analizlərin aparılması üçün imkanlar yoxdur: “Azərbaycan Respublikasında baytarlıq sahəsi üzrə göstərilən xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq olunmuş “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqları” ilə müəyyən edilir. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında aparılan analizlərə görə xidmət haqları qeyd edilən normativ sənədə əsasən tənzimlənir.

Qeyd etmək istəyirik ki, 2024-cü ilin ortalarından fəaliyyətə başladıqdan hazırkı dövrədək Laboratoriyada quduzluq xəstəliyinə qarşı müayinənin aparılması üçün zəruri olan maddi texniki baza mövcud olmadığından bu istiqamətdə heç bir analiz aparılmayıb”.

Belə olan halda vətəndaşlardan alınan 600 manatlıq ödənişin hansı xidmət qarşılığında tələb edilməsi isə məlum deyil.

Məlumat üçün bildirək ki, baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği Baş nazir Əli Əsədovun əmri ilə 2021-ci ildə təsdiq edilib.
Seçilən
19
11
reyting.az

10Mənbələr