AZ

Əhaliyə satılan balığa insan nəcisi verilir - iddia...


Balıqçılıq Azərbaycanda perspektivli sahələrdən biri sayılır. Bu sahənin inkişafı üçün müəyyən işlər görülür. Məlumdur ki, balıqçılıq sahəsinin inkişafı üçün yemin bol olması önəmlidir. Ancaq son dövrlərdə balıq təsərrüfatlarında yem xərclərini azaltmaq məqsədilə kanalizasiya tullantılarından istifadə edilməsi ilə bağlı məlumatlar yayılır.

Bu məlumatlar cəmiyyətdə ciddi narahatlığa səbəb olub.

İddialara görə, bəzi balıqçılıq təsərrüfatları, yemə xərci az olsun deyə, balıqların qidalanmasında insan nəcisindən istifadə edir. Bu isə qida təhlükəsizliyi və insan sağlamlığı üçün böyük risqlər yarada bilər.

Eyyub Hüseynov: “Azərbaycanda insan nəcisinin balıq saxlanılan yerlərə verilməsi halı yoxdur”

Məlum məsələ ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 15 il əvvəl ona belə bir şikayət daxil olub: “Məlum məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdik, lakin onlar bunu inkar etdilər. Balıq saxlanan dambalara və ya nohurlara insan nəcisi yox, toyuq nəcisi verilir. Toyuq nəcisi qurd əmələ gəlməsi üçün istifadə edilir ki, balıqlar onunla yemlənə bilsin. Tələblərə görə, balıq saxlanan dambalar ildə bir dəfə qurudulmalı, yeri şumlanmalıdır. Bəzən şumlanan yerə arpa və ya buğda da əkilə bilər. Növbəti il həmin yerdə balıq saxlanıla bilər, belə olarsa məhsuldarlıq yüksək olar. Insan nəcisinin balıqlara yem üçün verilməsinə gəlincə, bildirim ki, Azərbaycanda insan nəcisinin balıq saxlanılan yerlərə verilməsi halı yoxdur. Region şöbələrindən aldığımız məlumat da bunu təsdiq edir. Lakin dambalar təmizlənmir, ildə bir dəfə qurudulmur və orda yaranan çöküntüdən pis qoxu əmələ gəlir. Pis qoxu bəzən balıqlara da çökür”.

Məhsəti Hüseynova: “Qadağan olunmuş və ya tullantı sularla çirklənmiş yerlərdən ovlanan balıqlar da insan sağlığı üçün ziyandır”

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, balıq tərkibinin zənginliyinə görə faydalı qidalar sırasındadır: “Çay, dəniz, okean balıqları ən faydalı olanlardan hesab edilir. Ancaq müəyyən kanalizasiya suyu ilə qidalandırılan balıqlar varsa, bu, insan sağlamlığı üçün risqdir. Bu kimi hallar varsa, aidiyyəti qurum tərəfindən yoxlanılmalıdır. Qida təhlükəsizliyi standartları nəzərə alınsa, yem vasitəsilə ötürülən bir çox xəstəliklər, toksik maddələrin həmin məhsula keçməməsi üçün müəyyən normalara əməl edilməlidir. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qida və Kənd və Təsərrüfatı təşkilatı və digər qurumlar mütləq şəkildə hər hansı bir təsərrüfatla məşğul olan sahibkarlar qida məhsullarının bioloji təhlükəsizliyinə əməl etməlidir. Buna əməl edilməzsə bu qanun pozuntusu sayılır. Belə bir hal varsa, yoxlama aparılmalı və balıqçılıq təsərrüfatında istifadə edilən yem mənbələri araşdırılmalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, qadağan olunmuş və ya tullantı sularla çirklənmiş yerlərdən ovlanan balıqlar da insan sağlığı üçün ziyandır. Həmin balıqlardan insana müxtəlif bakteriyalar keçə bilər.

Günel CƏLİLOVA

Seçilən
24
baki-xeber.com

1Mənbələr