AZ

XI Bakı Beynəlxalq Kitab Sərgisi: Gürcüstanın milli stendi açıldı

Bakı, 1 oktyabr, Günel Alıyeva, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Gürcüstanın milli stendinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, stend Gürcüstan Mədəniyyət Nazirliyi və Gürcüstan Yazıçılar Evinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə çıxış edən Yazıçılar Evinin direktoru Ketevan Dumbadze vurğulayıb ki, Gürcüstanın bu beynəlxalq sərgidə iştirakı mədəni əməkdaşlıq üçün yeni imkanlar açır və oxuculara ölkənin zəngin ədəbi irsi ilə daha yaxından tanış olmaq imkanı yaradır.

Stenddə gürcü yazıçılarının əsərləri, onların kitablarının tərcümələri, həmçinin gürcü ədəbiyyatının xaricdə tanıdılmasına yönəlmiş müasir nəşriyyat layihələri təqdim olunur.

Açılış mərasimindən sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Azərbaycanın Xalq artisti, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, deputat Günay Əfəndiyeva stendlə tanış olublar.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Ketevan Dumbadze qeyd edib ki, ölkəsinin sərgidə iştirakının əsas məqsədi milli ədəbiyyatın təbliği və oxucu auditoriyasının genişləndirilməsidir.

“Biz uzun illərdir ki, Azərbaycanla əməkdaşlıq edirik. Bir çox əsərlər artıq Azərbaycan dilindən gürcü dilinə və əksinə tərcümə olunub. Lakin bu proses davam etməlidir, çünki ədəbiyyat xalqın ruhudur”, – deyə direktor bildirib.

Müsahibimiz iki ölkənin bir-birini daha yaxından tanımasının vacibliyini də vurğulayıb: “Ədəbiyyatımızda çoxlu xeyirxahlıq və məhəbbət var. İstəyirik ki, bunu təkcə qonşularımız deyil, bütün dünya hiss etsin”.

Yazıçılar Evinin rəhbəri də birgə layihələr barədə məlumat verib, uzun illərdir klassiklərdən müasir müəlliflərədək gürcü ədəbiyyatının təbliği ilə məşğul olan tərcüməçi İmir Məmmədlinin xidmətlərini xüsusi qeyd edib.

Gürcüstan Yazıçılar Evi dövlət təşkilatıdır. Onun fəaliyyəti gürcü ədəbiyyatının milli və beynəlxalq səviyyədə tanıdılmasına yönəlib. Müəssisə yazıçıları, tərcüməçiləri və nəşriyyatları dəstəkləyir, təhsil və mədəni layihələr həyata keçirir.

 

Seçilən
12
azertag.az

1Mənbələr