AZ

Trampın 20 bəndlik Qəzza planı gərginlik yaratdı Nələr gözlənilir?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Yaxın Şərq, xüsusilə Qəzza zolağı onilliklərdir, qlobal siyasətin ən mürəkkəb və həssas nöqtələrindəndir. Bu regionda davam edən qarşıdurmalar təkcə İsrail və Fələstin arasında deyil, həm də böyük güclər və regional oyunçuların maraqlar toqquşmasının nəticəsidir. ABŞ Prezidenti Donald Trampın son günlərdə təqdim etdiyi 20 bəndlik Qəzza planı isə bu gərginliklər fonunda yeni müzakirələr doğurub.

Globalinfo.az-a danışan deputat, politoloq Elçin Mirzəbəyli deyib ki, Trampın elan etdiyi 20 bəndlik Qəzza planı regionda davam edən müharibəyə və humanitar böhrana son qoymaq niyyəti ilə təqdim edilsə də, onun həm sülh perspektivləri, həm də riskləri mövcuddur:

“Planın əsas xətti Qəzzada hərbi əməliyyatların dərhal dayandırılması, girovların azad olunması, İsrailin mərhələli şəkildə geri çəkilməsi, HƏMAS-ın silahsızlaşdırılması və bölgənin beynəlxalq nəzarət altında texnokratik komitə tərəfindən idarə edilməsi ideyasına əsaslanır. Burada həmçinin Qəzzanın bərpası, infrastrukturun yenidən qurulması, beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi və gələcəkdə iqtisadi zona yaradılması kimi maddələr də yer alır.

Nəzəri baxımdan bu plan müharibənin dayandırılması, humanitar yardımların çatdırılması və bölgənin sosial-iqtisadi dirçəlişi üçün mühüm imkanlar aça bilər. Əgər beynəlxalq ictimaiyyət planın icrasına real maliyyə və siyasi dəstək versə, Qəzzada dağıdılmış infrastrukturun bərpası, insanların sosial şəraitinin yaxşılaşdırılması və uzunmüddətli sabitlik üçün müəyyən zəmin formalaşa bilər. Xüsusilə də, beynəlxalq sabitləşdirici qüvvələrin bölgədə təhlükəsizlik məsuliyyətini üzərinə götürməsi yeni eskalasiyaların qarşısını almaq üçün nəzəri baxımdan mühüm vasitə ola bilər.

Elçin Mirzəbəyli

Lakin praktiki müstəvidə bu planın həyata keçirilməsi asan deyil. Ən böyük problem HƏMAS-ın tamamilə silahsızlaşdırılması və idarəçilikdən kənarlaşdırılması şərtidir. Bu, təşkilatın mövcud siyasi və hərbi dayaqlarını tamamilə itirməsi deməkdir və böyük ehtimalla müqavimət doğuracaq. Digər tərəfdən, Qəzzanın beynəlxalq nəzarət altında texnokratik komitə ilə idarə olunması bölgə əhalisi tərəfindən “xarici idarəçilik” kimi qəbul edilə bilər ki, bu da sabitləşmə prosesinə mane ola bilər. İsrail daxilində də planın bəzi bəndlərinə qarşı radikal müxalif mövqelər mövcuddur. Xüsusilə də sağçı qüvvələr Qəzzanın tam boşaldılmasını qəbul etmək istəmirlər”.

Deputat deyib ki, planın yalnız Qəzza ilə məhdudlaşması da onun zəif tərəflərindən biridir:

“Fələstin məsələsi həll olunmadıqca, Qəzzada müvəqqəti sabitlik əldə olunsa belə, münaqişənin əsas səbəbləri aradan qaldırılmayacaq. Bundan əlavə, maliyyə və logistika baxımından da bu plan çox böyük resurslar tələb edir. İnfrastrukturun tamamilə dağılmış vəziyyətdə olması, bərpa prosesinin illərlə vaxt alacağını göstərir və bu müddətdə planın dayanıqlılığı sual altında qala bilər.

Bütün bunları nəzərə alaraq demək olar ki, planın qısamüddətli atəşkəs, humanitar yardımların artırılması və girovların bir qisminin azad olunmasına gətirib çıxarması mümkündür. Amma tam silahsızlaşdırma, texnokratik idarəetmə və dayanıqlı sülhün əldə edilməsi ehtimalı hazırda bir qədər zəif görünür.

Amma bütün hallarda plana bölgədə sülhün əldə olunmasına xidmət edən mövqe və yanaşma kimi müsbət yanaşmaq lazımdır”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
globalinfo.az

1Mənbələr