ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“Qarabağ” bu mövsüm dünyanın ən böyük klub turnirində – Çempionlar Liqasındadır.
Bu dəfə adi iştirakçı kimi yox, söz sahibi kimi…
“Önünə çıxanı devirir” – Türkiyənin məşhur “Fanatik” nəşri “Qarabağ”ın Çempionlar Liqası triumfunu bu cümlə ilə təqdim edir.
“Benfika” və “Kopenhagen” üzərində ardıcıl qələbələrlə “ağ-qara”lar qitənin ən güclüləri sırasında yer almağı bacardılar.
İki oyunda beş qol vurub cəmi iki qol buraxan Qurban Qurbanovun komandası Çempion Liqasının əsas turnirində 6 xalla ilk sıralardadır…
Futbol azarkeşi olmayanlar üçün bu bəlkə də təbii görünür. Amma ÇL-in miqyasını bilənlər nəticənin necə böyük prestij və uğur olduğunu yaxşı başa düşürlər.
Avropa giqantlarının olduğu bir turnirdə ilk sıralarda yer almaq, üstəlik, o nəhəng klublardan bəzilərini geridə qoymaq heyrətamizdir!
“Bayern”, “Real Madrid”, “İnter”, PSJ, “Arsenal” kimi top klubların olduğu tabloda “Qarabağ” adının da yer alması tarixi hadisədir.
Müasir futbolda qalib gəlmək nə qədər önəmlidirsə, bunu gözəl oyun nümayiş etdirərək bacarmaq o qədər vacibdir.
Bu mənada “Qarabağ” hər iki işin öhdəsindən layiqincə gəlir: ortada baxımlı oyunla yanaşı, maksimum nəticə də var.
Baxımlı olan təkcə nəticə deyil, həm də oyundan dərhal sonra ortaya çıxan bu görüntüdür.
Aqşin Evrən
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.