AZ

Sevinc Fətəliyeva: “3 oktyabr 1993-cü il Azərbaycanında yeni bir dövrün başlanğıcıdır”

Sevinc
“1993-cü il oktyabrın 3-ü Azərbaycan tarixində yalnız prezident seçkiləri günü deyil, həm də taleyüklü bir dönüş nöqtəsi kimi yadda qalıb”. Bu barədə 1news.az­-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva açıqlamasında bildirib.
“Həmin dövrdə ölkə siyasi xaosun, parçalanma təhlükəsinin və vətəndaş müharibəsi riskinin astanasında idi. Məhz belə ağır bir zamanda xalq öz xilaskarını seçdi və dövlətin taleyini Heydər Əliyevə etibar etdi”. Deputat qeyd edib ki, həmin seçim milli dirçəlişin başlanğıcı, müstəqil Azərbaycanın sabitliyə, inama və ümidə dönüşü oldu:
“İlk illərdə baş verən 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Laçın və Şuşanın itirilməsi xalqın yaddaşında dərin iz buraxmışdı. Hakimiyyət boşluğu, qeyri-peşəkar idarəetmə və daxili çəkişmələr ölkəni uçurumun kənarına gətirmişdi. Lakin xalqın iradəsi və Heydər Əliyevin tarixi qayıdışı bu fəlakətin qarşısını aldı. Qısa müddətdə dövlət idarəçiliyi bərpa olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, sabitlik təmin edildi və Azərbaycan parçalanmaq təhlükəsindən xilas edildi”. Sevinc Fətəliyevanın sözlərinə görə, Heydər Əliyev yalnız siyasi sabitlik yaratmaqla kifayətlənmədi, həm də milli dövlətçiliyin möhkəmləndirilməsi üçün fundamental islahatlar həyata keçirdi:
“1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya hüquqi dövlətin, demokratiyanın və vətəndaş cəmiyyətinin əsasını qoydu. Hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının təminatı, siyasi institutların formalaşması onun uzaqgörən siyasətinin nəticəsi idi. Eyni zamanda, ‘Əsrin müqaviləsi’ Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyini möhkəmləndirdi, ölkəni dünya enerji xəritəsinə çıxardı”. Deputat vurğulayıb ki, Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada tanınan və hörmət edilən tərəfdaşa çevrildi, Qarabağ məsələsi beynəlxalq gündəliyə çıxarıldı, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizləri kimi strateji layihələr reallaşdı. “Bu gün, 2025-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həmin kursu uğurla davam etdirir. Müstəqilliyin qorunması, ərazi bütövlüyünün bərpası, regionun diplomatik və iqtisadi mərkəzə çevrilməsi, qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi – bütün bu uğurların əsası məhz 1993-cü ildə qoyulmuşdu. 3 oktyabr 1993-cü il Azərbaycanın xilası, milli dövlətçiliyin dirçəlişi və yeni bir dövrün başlanğıcıdır”, – deyə Sevinc Fətəliyeva qeyd edib.
Seçilən
11
2
1news.az

3Mənbələr