AZ

Dərman vasitələrini və tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirənlər və onlara şərait yaradan vəzifəli şəxslər ifşa ediliblər

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşları və digər şəxslərin qanunsuz əməlləri ilə bağlı həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin yaydığı birgə məlumatda bildirilib.

Qeyd olunub ki, istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə aralarındakı razılaşmaya uyğun sonuncunun İranda əldə etdiyi ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib, Azərbaycan ərazisində aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış ilkin sübutlar əsasında Vüsal Hüseynov, Asif Hacımuradov, Jafar Rezeyan və Etibar Hatəmliyə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə), 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Vüsal Hüseynov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində məhkəmənin qərarı ilə həbs, Jafar Rezeyan barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
49
azertag.az

10Mənbələr