Finss.az - Energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşəbbüsü ilə təşkil olunan “Mərkəzi
Asiyada Bərpa Olunan Enerjinin Sürətləndirilməsi” mövzusuna həsr edilmiş tədbirin açılış
mərasimində, eləcə də “Mərkəzi Asiyada Bərpa Olunan Enerji üzrə Sürətləndirilmiş
Tərəfdaşlıq” (APRECA) Nazirlər Dəyirmi Masasında iştirak edib.
Nazir çıxışında qeyd edib ki, bərpa olunan enerji resursları və kritik materiallarla
zəngin Mərkəzi Asiya ilə qonşu regionlar arasında yaşıl enerji sahəsində güclü əlaqəliliyi
təşviq edən APRECA təşəbbüsü ötən il ilk dəfə Azərbaycanda COP29 çərçivəsində
təqdim olunub və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” bu məqsədə töhfə
verən layihələrdəndir. Bildirilib ki, Azərbaycanın hazırda bərpa olunan enerji sahəsində
atdığı irimiqyaslı addımlar 2030-cu ilədək enerji sistemində bu mənbələrin payını
təxminən 40 faizə çatdırmaqla yanaşı, regional tərəfdaşlıqların qurulmasına və strateji
əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlib. “Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını
vahid geosiyasi məkana çevirən, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik
münasibətlərini möhkəmləndirən siyasətində bərpa olunan enerji sahəsində
əməkdaşlığın inkişafı mühüm yer tutur. Tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi
sistemlərini birləşdirəcək geostrateji əhəmiyyətli “Transxəzər Yaşıl Enerji Dəhlizi”nin
yaradılması bu siyasətin əsas prioritetləri ilə tam uzlaşır və Avropanı Xəzər dənizi
vasitəsilə Asiya və Çinlə birləşdirən Orta Dəhlizin yaşıl körpü qismində inkişafına geniş
imkanlar açır,” - deyə nazir əlavə edib.
Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi
ilə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına qısa müddətdə
başlanacağı bildirilib. Həmçinin “Xəzər-Qara dəniz-Avropa”, müxtəlif marşrutlar üzrə
“Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl
enerji dəhlizləri layihələri barədə məlumat verilib. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji
Dəhlizi”nin bu layihələrlə inteqrasiyası nəticəsində regionun böyük bərpa olunan enerji
potensialının Türkiyə və Avropa bazarlarına yönəldilməsi, qitələrarası istehsal və istehlak
mərkəzlərinin əlaqələndirilməsi, enerjinin dəyişkənliyinin idarə olunması kimi
perspektivlər diqqətə çatdırılıb. Qeyd olunub ki, fiber-optik komponentə malik olan bu
interkonnektorlar “Transxəzər Yaşıl Enerji Dəhlizi” ilə birlikdə yalnız enerji və ekoloji
təhlükəsizliyi deyil, həm də rəqəmsal və nəqliyyat bağlantılarını gücləndirərək
ölkələrimizin Orta Dəhliz boyunca geostrateji əhəmiyyətini daha da artıracaq.
Nazirlərin Dəyirmi Masasında isə bərpa olunan enerjinin sürətli inkişafı üçün
şəbəkələrin modernləşdirilməsi, etibarlı enerji saxlama sistemlərinin qurulması,
investisiya imkanlarının genişləndirilməsi, təchizat zəncirlərinin təmin edilməsi, eləcə də
regionlararası interkonnektorların yaradılması məsələləri müzakirə edilib. Azərbaycanın
bu istiqamətdə həyata keçirdiyi layihələr və planları diqqətə çatdırılıb, APRECA vasitəsilə
əməkdaşlıq imkanları dəyərləndirilib.



