AZ

Müəllim fərqli siniflərə eyni otaqda dərs keçir - Təhsil İdarəsindən REAKSİYA

Qəbələnin Tikanlı kəndində yerləşən tam orta məktəbdə I və II sinif şagirdləri eyni sinif otağında dərs alırlar.

Olaylar.az xəbər verir ki, valideynlərin sözlərinə görə, müəllim ilk 22 dəqiqəni birinci siniflə, növbəti 22 dəqiqəni isə ikinci sinif şagirdləri ilə keçirir. Bu vəziyyət isə valideynlərin narazılığına səbəb olub.

Valideynlər bildirirlər ki, məktəbdə kifayət qədər sinif otağı və müəllim heyəti olduğu halda, iki müxtəlif sinfin bir yerdə dərs keçməsi doğru deyil. Onların fikrincə, bu yanaşma uşaqların dərsi mənimsəməsində çətinlik yaradır.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ibtidai siniflərdə şagird sayı 10-dan az olduqda həmin siniflər birləşdirilmiş şəkildə komplekt sinif kimi təşkil edilir. Bu qaydaya görə, birləşdirilmiş siniflərdə ümumi şagird sayı 18 nəfəri keçməməlidir:

"Tikanlı kənd məktəbində hazırda I sinifdə 9, II sinifdə də 9 şagird təhsil alır. Bu da komplekt sinif yaradılması üçün nəzərdə tutulan normativlərə tam uyğundur".

Təhsil idarəsi əlavə edib ki, bu cür siniflərdə dərs prosesi xüsusi təlim metodikasına əsasən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
7
olaylar.az

8Mənbələr