AZ

Əliyev–Sandu görüşü: Güney Qaz Dəhlizi Türk dünyasını Avropaya bağlayır – ÖZƏL

"Kopenhagendə keçirilən Əliyev-Sandu görüşü ilk baxışda ikitərəfli təbrikləşmə - diplomatik jesti kimi görünür. Əslində bu, həm Azərbaycan-Moldova münasibətləri, həm də Azərbaycan-Avropa Birliyi dialoqu baxımından yeni bir səhifənin işarəsi sayıla bilər".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. 

Özəlliklə nələri vurğulaya bilərik? 

Birincisi, enerji müstəvisinə odaqlanaq.
Moldova uzun illər enerji asılılığı səbəbindən geosiyasi təsirlərə açıq olub. Azərbaycan isə Güney Qaz Dəhlizinin aparıcı oyunçusu kimi təkcə öz milli çıxarlarını deyil, həm də Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bakıdan Kişineuya enerji dəstəyi - bu, siyasi sabitlik və müstəqil qərar imkanının açarıdır. 
Deməli, Azərbaycan-Moldova xəttində enerji əməkdaşlığı diqqətə alınmalıdır. Bu:
-Moldovanın Avropa enerji bazarına inteqrasiyasını asanlaşdırır;
 -Azərbaycanın enerji təchizatçısı və tranzit mərkəzi rolunu daha da gücləndirir;
-Türk dünyasından Avropaya gedən enerji xəritəsinə yeni strateji nöqtə əlavə edir.

İkincisi, Avropa Birliyi amilini vurğulayaq.
Unutmayaq ki, Moldova artıq AB ilə üzvlük danışıqlarına hazırlıq mərhələsindədir. Azərbaycan isə enerji dialoqunda AB-nin "strateji tərəfdaşı" statusunu daşıyır. Deməli, Əliyev-Sandu görüşü Brüsseldə belə oxunur:
-Bakı yalnız ikitərəfli deyil, Avropanın geniş enerji təhlükəsizliyində də açar mövqeyini qoruyur;
-Azərbaycan-Moldova əməkdaşlığı AB məkanında Azərbaycanın güvənli tərəfdaş obrazını möhkəmləndirir;
-Ermənistanla sülh gündəliyində irəliləyiş fonunda, Azərbaycanın Avropa ilə siyasi bağları daha rahat və konstruktiv müstəviyə keçir.

"Kopenhagendəki görüş Azərbaycanın həm Qafqazda sülh təşəbbüskarı, həm də Avropada enerji təminatçısı statusunu bir daha təsdiqlədi. Bu isə Azərbaycanın uluslararası güc dəngəsindəki çəkisini artırmaqla yanaşı, AB-yə də "Bakı olmadan sabitlik yoxdur" ismarıcını verir", - deyə araşdırmaçı-yazar vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr