AZ

Elnur Bağırov: Rəqabətin nəticələri gündəlik həyatda hər kəs tərəfindən müşahidə olunur

Elnur
"Azərbaycanda iqtisadi təmərküzləşmələrin effektivliyi artırılmalı, bazar iştirakçıları arasında sağlam rəqabət təmin olunmalı və rəqabəti məhdudlaşdıran sazişlərlə mübarizə gücləndirilməlidir". 1news.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.
Onun sözlərinə görə, rəqabət orqanının əsas hədəflərindən biri məhz iqtisadi artımı dəstəkləyən təmərküzləşmələrə razılıq verilməsi, effektiv olmayanların isə məhdudlaşdırılmasıdır: "Burada məqsəd iqtisadi inkişafı təşviq edən təmərküzləşmələrin dəstəklənməsi, rəqabəti pozan halların isə qarşısının alınmasıdır". E. Bağırov bildirib ki, təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi, habelə rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərlə mübarizə xüsusi əhəmiyyət daşıyır: "Bəzi hallarda bu cür sazişlər məhsul çeşidinin azalmasına, innovasiyaların zəifləməsinə, əsassız gəlir transferlərinə səbəb olur və nəticədə istehlakçıların maraqlarına zərər vurur". Agentlik sədrinin sözlərinə görə, rəqabətin nəticələri gündəlik həyatda hər kəs tərəfindən müşahidə olunur:

"Mağazaya daxil olduqda məhsulun çeşidi və qiymət müxtəlifliyi vətəndaşlara iqtisadiyyatın rəqabətliliyini göstərir. Bu baxımdan qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri davam etdirilməli, bazara giriş maneələri aradan qaldırılmalı, innovasiyalar sürətləndirilməli, məhsul və xidmətlərin diversifikasiyası təmin edilməlidir".

Seçilən
70
1news.az

1Mənbələr