AZ

Tahir Mirkişili: Zəngəzur dəhlizinin Ermənistan üçün üç mühüm faydası var

BAKI, 3 oktyabr. TELEQRAF

Ermənistanın son vaxtlar sülh və kommunikasiya xətlərinin, xüsusilə də Zəngəzurdan keçəcək Tramp marşrutunun (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) açılması ilə bağlı ardıcıl bəyanatlar verməsi əslində ölkənin iqtisadi durumu və maraqları ilə sıx bağlıdır. Bu marşrutun fəaliyyətə başlaması Ermənistan üçün bir neçə mühüm fayda yaradır.

Bu sözləri Teleqraf-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib.

Onun fikrincə, ilk növbədə Ermənistan uzun illər apardığı işğalçılıq siyasəti nəticəsində regional kommunikasiya və tranzit dəhlizlərindən kənarda qalıb: “Yeni marşrut isə ölkəyə həm Avropa, həm də Asiya bazarlarına birbaşa çıxış imkanı verəcək. Bu, mövcud ticarət yollarının diversifikasiyası deməkdir və Ermənistanın yalnız Gürcüstan və Rusiya vasitəsilə dünyaya bağlanmaq məcburiyyətini aradan qaldıracaq. İkinci mühüm məqam, ticarət və ixrac imkanlarının genişlənməsidir. Xüsusilə, kənd təsərrüfatı, ağır və yüngül sənaye məhsulları üçün Azərbaycan, Türkiyə, Avropa və Orta Asiya bazarlarına ucuz çıxış asanlaşacaq. Nəqliyyat xərclərinin azalması məhsulların rəqabət qabiliyyətini artıra və ixrac potensialını gücləndirə bilər. Üçüncü olaraq, açıq kommunikasiya xətləri Ermənistanı regionda qapalı iqtisadiyyatdan tranzit ölkəyə çevirə bilər. Bu isə logistika, anbar, nəqliyyat xidmətləri və hətta turizm sahəsinə yeni xarici investisiyaların gəlməsi üçün şərait yaradacaq”.

Komitə üzvü hesab edir ki, bundan əlavə, Ermənistanın enerji və kommunikasiya baxımından regional layihələrə qoşulmaq imkanı yaranacaq: “Azərbaycan və Türkiyə vasitəsilə enerji dəhlizlərinə, gələcəkdə isə bəlkə də yaşıl enerji marşrutlarına qoşulmaq imkanı Ermənistanın hazırda məhdud enerji təhlükəsizliyini gücləndirə bilər.

Nəhayət, tranzit ölkə statusu Ermənistan üçün əlavə büdcə gəlirləri deməkdir. Gömrük və tranzit rüsumlarından əldə olunacaq vəsait, həmçinin logistika və xidmət sektorunda yaranacaq yeni iş yerləri ölkə iqtisadiyyatına sosial baxımdan da müsbət təsir göstərəcək.

Ona görə də, İrəvanın bu marşrutun tez bir zamanda açılmasına maraq göstərməsi təbiidir: “Çünki Ermənistan üçün bu, uzun illərin blokadasından çıxış, Azərbaycanın liderliyi ilə reallaşan regional iqtisadi sistemə inteqrasiya və dayanıqlı inkişaf üçün yeni dividendlər əldə etmək imkanıdır”.

Seçilən
54
3
teleqraf.com

4Mənbələr