AZ

Yaponiyanın Yamato Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib - FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyaya səfəri çərçivəsində Yamato Universitetinin rektoru və tələbə-müəllim heyəti ilə görüşüb. Komitədən SİA-ya bildirilib ki, Universitetin rektoru Şinji Matsumoto ilə görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi genişmiqyaslı layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda, universitetlə əməkdaşlıq imkanları müzakirə olunub və azərbaycanlı gənclərin Yaponiyada təhsilə böyük maraq göstərdikləri diqqətə çatdırılıb.

Çıxış edən Şinji Matsumoto rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və tədris prosesi barədə danışıb. O, rəhbərlik etdiyi universitetdə azərbaycanlı tələbələrin təhsil almağa artan marağını müsbət qiymətləndirib.

Sonra Komitə sədri tələbələrin qarşısında Azərbaycanın müstəqillik tarixi, regiondakı mövqeyi, qabaqcıl ictimai-siyasi dəyərlərə sadiqliyi, demokratiya və zəngin multikultural ənənələrə malik olması barədə dolğun faktlar əsasında məruzə ilə çıxış edib.

Yapon tələbələr uzun illər işğal altında olan torpaqlarımızda suverenliyimizin bərpa olunması, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında sülh sazişinə yönələn görüşün təşkili və digər mühüm tarixi-siyasi hadisələrlə bağlı təqdimatı maraqla izləyiblər.

Daha sonra azad Şuşada səsləndirilən və Xalq artisti, maestro Yalçın Adıgözəlovun dirijorluq etdiyi konsertdə “Qarabağ şikəstəsi” ifa olunub.

Görüş fikir mübadiləsinin aparılması və tələbələrin suallarının cavablandırılması ilə davam edib.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilən bir sıra kitablar Yamato Universitetinin kitabxanasına hədiyyə olunub.

Seçilən
16
4
sia.az

7Mənbələr