AZ

İstanbulda zəlzələdən sonra qorxulu açıqlama: "Təhlükə bitməyib”

Marmara bölgəsində baş verən 5 bal gücündə zəlzələ İstanbul da daxil olmaqla geniş ərazidə hiss olunub. AFAD eksperti, dosent Bülent Özmen bölgədəki gərginliyin hələ dayanmadığını və Marmara üçün zəlzələ təhlükəsinin yüksək olaraq qaldığını bildirib. O, bu zəlzələnin "Böyük Marmara zəlzələsinin ayaq səsləri" ola biləcəyini deyib.

Bülent Özmenin sözlərinə görə, sarsıntı Tekirdağ və Kumburgaz seqmentlərinin kəsişdiyi, Marmaraereğlisinin 18 km cənubunda baş verib. O, bu zəlzələnin 2025-ci il 23 aprel tarixində bölgədə yaşanan 6,2 bal gücündəki zəlzələnin afterşoku ola biləcəyini qeyd edib.

"Bu zəlzələ böyük ehtimalla 23 aprel zəlzələsi ilə əlaqəlidir və onun əlavə təkanlarından biri ola bilər. Hazırda bölgədəki gərginlik tam sovuşmayıb," - deyə Özmen bildirib.

Ekspert xatırladıb ki, Kumburgaz seqmenti 1766-cı ildə iki böyük zəlzələ (7 baldan yuxarı) yaradıb və o vaxtdan bəri bu hissədə yeni böyük zəlzələ olmayıb. 23 aprel zəlzələsinə baxmayaraq, bu seqmentdə gərginlik yüksək olaraq qalır və daha güclü zəlzələlərin baş vermə ehtimalı var.

"Bu nəticə bizi təəccübləndirməməlidir. Marmara bölgəsi hələ də böyük zəlzələlərə məruz qala bilər," - deyə Özmen xəbərdarlıq edib.

Özmen bildirib ki, yaxın saatlarda və günlərdə 4 bal və daha güclü zəlzələlərin baş verməsi yüksək ehtimalı var. O, həmçinin daha böyük bir zəlzələnin baş vermə ehtimalını tam istisna etməyib.

Özmen bəzi elm adamlarının "Marmara təhlükəsi keçdi" fikirlərini təkzib edərək, bölgənin hələ də yüksək risk daşıdığını, çoxsaylı aktiv qırılma xətləri üzərində yerləşdiyini vurğulayıb.

"Bu bölgədə böyük zəlzələlər üçün potensial hələ də çox yüksəkdir. Zamanı dəqiq demək mümkün olmasa da, bu reallığı unutmaq olmaz," - deyə ekspert əlavə edib.

"İstanbul və Marmara bölgəsi başda olmaqla, ölkə boyu binaların zəlzələyə davamlı hala gətirilməsi üçün vaxt itirmədən ciddi işlər görülməlidir," - deyə o, bildirib./Milli.az/

Seçilən
23
8
ekologiya.az

10Mənbələr