AZ

Kopenhagen Zirvəsi - Azərbaycanın artan nüfuzu və qlobal liderlik vizyonu

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə Toplantısı, qitə üçün mühüm əhəmiyyət daşıyan strateji məsələlərin müzakirə edildiyi önəmli beynəlxalq platformaya çevrildi.

Day.Az xəbər verir ki, bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

Politoloq bildirib ki, bu nüfuzlu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı isə həm regionda, həm də Avropa məkanında Azərbaycanın artan nüfuzunun və strateji mövqeyinin növbəti təsdiqi oldu.

"Kopenhagen səfəri zamanı Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə görüşüb. Müzakirə mövzuları arasında söhbət Azərbaycan‑Ermənistan arasında sülh gündəliyinin Vaşinqtonda əldə edilmiş nəticələrindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan və nəqliyyat logistika sahəsindəki layihələrdən gedib. İlham Əliyev Ukrayna prezidenti Volodimir Zelenski, Niderland Baş naziri Dik Sxofla, Fransa prezidenti Emmanuel Makronla, Moldova prezidenti Maya Sandu ilə görüşərək bir çox məsələləri müzakirə edib. Prezident İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında görüş xüsusi diqqət çəkir. Bir zamanlar Fransa hakimiyyəti ölkəmizə qarşı qarayaxma kompaniyası aparırdı. İndi isə Fransa Prezidentinin Azərbaycanı sülh istiqamətində atdığı addımlar münasibətilə təbrik edir, Parisin regionda sülh prosesinə dəstək verməyə maraqlı olduğunu göstərir. Çünki Azərbaycan heç vaxt kiminsə diqtəsi ilə hərəkət etmir. Öz haqlı mübarizəsində sona qədər gedir və düzgün olduğunu sübut edir."

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında 2 oktyabrda Kopenhagendə baş tutan görüş, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından mühüm addımdır.

"Tərəflərin Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləməsi, sülh prosesinin davam etdirilməsi üçün siyasi iradənin mövcud olduğunu göstərir. Nəqliyyat-kommunikasiya layihələrinin və infrastruktur məsələlərinin müzakirəsi isə gələcək regional əməkdaşlığın əsasını qoyur. ATƏT-in Minsk qrupu ilə bağlı mövqedə həmrəylik və etimad quruculuğu tədbirlərinə dair razılıq, tərəflərin praktiki və irəliyə dönük dialoqa üstünlük verdiyini göstərir.

"Avropa Siyasi Birliyi" təşəbbüsü Avropa ölkələri arasında siyasi dialoqu gücləndirməyi, qitədə sabitlik və təhlükəsizliyin təmininə yönəlik əməkdaşlığı artırmağı hədəfləyir. Qurumun fəaliyyət istiqamətləri sırasında enerji təhlükəsizliyi, münaqişələrin həlli, nəqliyyat-logistika əlaqələri və demokratik institutların möhkəmləndirilməsi mühüm yer tutur. Azərbaycan bu platformada yalnız iştirak edən tərəf deyil, həm də öz regional təşəbbüsləri, sabitləşdirici rolu və enerji resursları ilə qitənin strateji tərəfdaşına çevrilmişdir."

A.Qarayev vurğulayıb ki, Prezident İlham Əliyevin Kopenhagendəki iştirakı yalnız tədbirdəki çıxışla məhdudlaşmadı.

"Zirvə çərçivəsində dövlət başçısı bir sıra mühüm ikitərəfli və çoxtərəfli görüşlər keçirdi. Bu görüşlərin mühüm xüsusiyyəti onların qarşı tərəfin təşəbbüsü ilə baş tutmasıdır. Bu, İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunun, Azərbaycanın isə artan diplomatik çəkisinin göstəricisidir. Bu fakt təkcə diplomatik etiket və protokol çərçivəsində qiymətləndirilməməli, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində getdikcə güclənən mövqeyinin, Prezident İlham Əliyevin isə qlobal siyasi platformalarda artan nüfuzunun bariz göstəricisi kimi şərh olunmalıdır. Görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması ilk növbədə İlham Əliyevin qitə miqyasında etibarlı və güclü lider kimi qəbul edilməsinin göstəricisidir. Xüsusilə Avropa kimi diplomatiyada balanslara və dəyərlərə həssas olan bir məkanda, bir ölkənin lideri ilə görüş istəmək onun siyasi çəkisinin, liderlik keyfiyyətlərinin və regiondakı rolunun qəbul edildiyini göstərir."

A.Qarayev qeyd edib ki, Azərbaycan regionun əsas geosiyasi oyunçusudur və İlham Əliyevin liderliyi ilə ölkə həm enerji, həm təhlükəsizlik, həm də nəqliyyat sahəsində etibarlı tərəfdaş kimi formalaşıb.

"Avropa ölkələri, xüsusilə enerji və alternativ marşrutlar baxımından Azərbaycanın geostrateji əhəmiyyətini dərk edir və bu səbəbdən Azərbaycanla siyasi dialoqu dərinləşdirməyə çalışırlar. Macarısanın Baş naziri Viktor Orban jurnalistlərə verdiyi açıqlama xüsusi diqqət çəkir. O bildirib ki, biz enerji sektorunda bir çox çətinliklərlə üzləşirik, sizin isə zəngin resurslarınız var və əməkdaşlığa hazırsınız, üstəlik sizin rəhbərliyiniz də stabildir. Azərbaycan həqiqətən Avropa üçün qızıl ehtiyatdır.

Görüşlərin təşəbbüskarının qarşı tərəf olması, ölkəmizə və onun rəhbərliyinə göstərilən hörmətin, inamın və müsbət münasibətin bariz sübutudur. Bu, təkcə siyasi maraqlarla izah edilə bilməz; bu, həm də Azərbaycanın beynəlxalq arenada formalaşdırdığı imicin nəticəsidir. Prezident İlham Əliyev son illər ərzində bir çox qlobal təşəbbüslərin müəllifi və icraçısı kimi çıxış edib. Bu da ona qlobal arenada siyasi çəki və etimad qazandırıb. Azərbaycanın Cənubi Qafqazda sabitliyin əsas təminatçısı kimi çıxış etməsi və regionda sülh təşəbbüsləri irəli sürməsi də İlham Əliyevin nüfuzunu artıran faktorlardandır. Kopenhagen kimi bir şəhərdə yüksək səviyyəli görüşlərin keçirilməsi təkcə nüfuzun deyil, həm də diplomatik fəaliyyətin effektivliyinin göstəricisidir. Bu cür görüşlər, həmçinin Azərbaycan diplomatiyasının çevikliyini və beynəlxalq platformalarda aktiv iştirakını təsdiqləyir."

Seçilən
21
50
day.az

10Mənbələr