AZ

II tip diabetin ürək üçün xüsusi təhlükəsi aşkarlandı

Sidney Universitetinin alimləri müəyyən ediblər ki, II tip diabet birbaşa olaraq ürək əzələsini zədələyir və ürək çatışmazlığının inkişafını sürətləndirir. Araşdırmanın nəticələri EMBO Molecular Medicine jurnalında dərc olunub.

E-saglam.az xəbər verir ki, mütəxəssislər ürək transplantasiyası keçirmiş pasiyentlərin ürək toxumalarını donor nümunələri ilə müqayisə ediblər. Diabetli şəxslərin miokard toxumasında enerji istehsalı prosesi pozulmuş, əzələ yığılmasını təmin edən zülalların strukturu dəyişmiş və sərt birləşdirici toxumanın yığılması müşahidə olunmuşdur.

Alimlərin sözlərinə görə, bu dəyişikliklər ürəyin qanı pompalama qabiliyyətini zəiflədir və ürək çatışmazlığına səbəb olur. Bu vəziyyət nəfəs darlığı, zəiflik, ayaqlarda ödem və nəbzin sürətlənməsi ilə özünü göstərir.

Araşdırma həmçinin göstərib ki, diabet hüceyrələrin “enerji stansiyaları” sayılan mitoxondrilərin fəaliyyətini zəiflədir. Bundan başqa, qlükozanı ürək hüceyrələrinin içinə daşıyan zülalların həssaslığı azalır. Nəticədə ürək enerji mənbələrindən çevik istifadə edə bilmir və əlavə gərginlik altında qalır.

Mütəxəssislər bildirirlər ki, bu kəşf diabetlə ürək xəstəlikləri arasındakı əlaqəni molekulyar səviyyədə izah etməyə kömək edir. Eyni zamanda, əldə edilən məlumatlar gələcəkdə milyonlarla insan üçün yeni diaqnostika və müalicə üsullarının yaradılmasına əsas ola bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
21
e-saglam.az

1Mənbələr