AZ

Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir – Fərid Şahbazlı

Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı aktor kimi mövqeyini möhkəmləndirir.

Bunu “Report”a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu ölkənin beynəlxalq münasibətlər sistemində artan rolunu və nüfuzunu təsdiqləyir:

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı, qlobal və regional liderlərlə keçirilən görüşlər, habelə Avropa Siyasi Birliyinin sammitində fəal iştirakı Azərbaycanın həm regional, həm də qlobal miqyasda mühüm aktor statusunu möhkəmləndirib”.

 

 

Siyasi şərhçi bildirib ki, Azərbaycan bu gün yalnız enerji təhlükəsizliyi baxımından deyil, həm də nəqliyyat, kommunikasiya və geosiyasi sabitlik müstəvilərində əsas strateji tərəfdaş kimi qəbul edilir:

“Prezident İlham Əliyevin son dövrdə apardığı görüşlər bir daha göstərdi ki, Azərbaycan xarici investorlar və beynəlxalq təşkilatlar üçün etibarlı və perspektivli mərkəzə çevrilib. Eyni zamanda, dövlətimizin təşəbbüsləri qlobal gündəliyin formalaşmasına bilavasitə təsir göstərir”.

F.Şahbazlı İtaliya Prezidentinin Bakıya səfərinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu səfər iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə daxil olduğunu nümayiş etdirdi. İtaliya-Azərbaycan Universitetinin açılışı isə əməkdaşlığın yalnız siyasi və iqtisadi deyil, həm də humanitar, təhsil və mədəniyyət müstəvilərində genişləndirilməsinin göstəricisidir”.

Siyasi şərhçi əlavə edib ki, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən sammitində Prezident İlham Əliyevin apardığı müzakirələr Azərbaycanın Avropa dövlətləri üçün regional təhlükəsizlik və enerji məsələlərində əvəzsiz tərəfdaş olduğunu təsdiqlədi:

“Azərbaycan bu gün Avropa ilə münasibətlərdə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq modelini nümayiş etdirir. Bu isə ölkəmizin beynəlxalq aktor kimi qəbul olunmasının real sübutudur. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin çoxşaxəli, balanslı və milli maraqlara əsaslanan siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın həyata keçirdiyi strateji xətt regional və qlobal miqyasda ölkəmizin etibarlı tərəfdaş, söz sahibi və nüfuzlu aktor statusunu davamlı şəkildə möhkəmləndirir”.

Seçilən
27
3
editor.az

10Mənbələr