AZ

Putinin Qərbə təhdid mesajlarının strateji şifrələri: Kreml “Rusiya çökdürülsə, dünyanı dağıdacağıq” deyir

Prezident Vladimir Putinin təhdidkar ritorikası onu da göstərir ki, Kremlin strategiyası həm ölkədaxili legitimlik, həm də beynəlxalq səviyyədə xof yaratma və güc nümayişinə hesablanıb... Kreml sahibi Rusiyasız qlobal balansın mümkün olmadığını, Qərbin hegemonluğunun artıq zəiflədiyini qlobal gündəmə yerləşdirməyə çalışır, ən qorxunc ssenaridə hərbi potensialın həlledici olacağını qabardır...

Ukrayna savaşı Rusiya üçün bir dövlət olaraq, "çökdürülmə faktoru"na çevrilməyə başlayıb. Ancaq Kreml bütün cəhdlərinə baxmayaraq, Rusiyanı Ukraynada düşdüyü "savaş bataqlığı"ndan çıxartmağa nail ola bilmir. Ona görə də, isterik durumda olan Kreml daha da aqressivləşir, Rusiya bütün dünyanı təhdid etməyə çalışır. Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında beynəlxalq münasibətlər, Qərbin siyasəti və Ukrayna münaqişəsi ilə bağlı olduqca kəskin mesajlar yer alır. Və onun ritorikasında həm daxili, həm də beynəlxalq auditoriyaya yönəlmiş bir neçə əsas strateji xətt üzə çıxır.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putin son açıqlamasında daha çox məhz "hər bir qüdrətin həddi var" tezisi ilə diqqəti çəkib. Rusiya liderinin fikrincə, ABŞ və Qərb bütün dünyaya mövcudluq şərtlərini diktə edə bilməz. Bu tezis Rusiyanın çoxqütblü dünya düzəni konsepsiyasının növbəti təsdiqidir. Kremlin əsas iddiası odur ki, ABŞ və NATO-nun hegemonluğu artıq zəifləyir və Çin, Hindistan və Rusiya kimi güclər balans yaradır. Beynəlxalq siyasi iradə mərkəzləri hesab edirlər ki, güc balansı qlobal sabitliyin əsas şərtidir. Və nə qədər qəribə də olsa, Ukraynaya qarşı işğalçılıq savaşı aparan Rusiyanın prezidenti Vladimir Putin də son vaxtlar bu tezisi siyasi ritorika şəklində tez-tez təkrarlamağa xüsusi həvəs göstərir.

Məsələ ondadır ki, prezident Vladimir Putin Qərb siyasi elitasını həm ölkələrin daxilində öz vətəndaşlarını aldatmaqda, həm də beynəlxalq arenada gərginlik yaratmaqda günahlandırır. Rusiya lideri ABŞ-da baş verən siyasi dəyişikliklərə və Avropada populist qüvvələrin yüksəlişinə işarə edərək, Qərb dünyasında siyasi sabitliyin sarsıldığını vurğulayır. Belə ki, ABŞ-da prezident Donald Tramp və Avropada sağ-populist qüvvələrin yüksəlişi Kreml tərəfindən Qərbin zəifliyinin sübutu kimi təqdim olunur. Ancaq Qərb ekspertlərinin araşdırmaları onu göstərir ki, ABŞ-da və Avropada populizmin yüksəlişi daha çox daxili sosial-iqtisadi böhranlardan qaynaqlanır.

Digər tərəfdən, prezident Vladimir Putin iddia edir ki, Rusiya dünyada ən çox iqtisadi sanksiyalara məruz qalan ölkə olsa da, bu təzyiqlər reallıqda elə bir nəticə verməyib. Onun sözlərinə görə, Rusiyanı qlobal sistemdən təcrid etmək mümkün deyil, çünki "qlobal balans Rusiyasız formalaşa bilməz". Ancaq Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına görə, Rusiya iqtisadiyyatı 2022-2023-cü illərdə ciddi daralma yaşasa da, enerji ixracatından əldə olunan gəlirlər, eləcə də Çin, Hindistan kimi tərəfdaşlarla əməkdaşlıq sayəsində real çökmə təhlükəsindən müvəqqəti olaraq, yayına bilib. Bununla belə, Rusiya nəhəng Qərb şirkətlərinin bu ölkəni tərk etməsi səbəbindən texnoloji sahədə ciddi itkilərə məruz qalıb.

Nəhayət, prezident Vladimir Putin hesab edir ki, müasir dünya çox böyük sürətlə dəyişir və bu tarixi dönəmdə hər bir insan və dövlət xüsusi məsuliyyət daşıyır. Rusiya liderinin bu iddiası Kremlin özünü yeni qlobal nizamın əsas qurucularından biri kimi təqdim etmək strategiyasına tamamilə uyğundur. Yəni, Rusiya özünü Qərbdən fərqli bir mədəni-siyasi qütb kimi təsdiqləməyə çalışır. Eyni zamanda, bu, ölkədaxili mobilizasiyanı gücləndirmək üçün "tarixi missiya" ritorikasına xidmət edir.

Maraqlıdır ki, Rusiya liderinin ən sərt bəyanatlardan biri də məhz Ukrayna atom elektrik stansiyalarına hərbi zərbə ehtimalı ilə bağlı oldu. Prezident Vladimir Putin açıq şəkildə bildirdi ki, əgər, Zaporoje AES-ə hücumlar davam edərsə, Rusiya Ukraynanın digər AES-lərini hədəfə ala bilər. Bu, həm Ukraynaya, həm də Qərbə yönəlmiş qorxutma və şantaj mesajı təsiri bağışlayır. BMT və Beynəlxalq Atom Enerjisi Agentliyi Kreml sahibinin bu bəyanatlarını təhlükəli eskalasiya cəhdi kimi qiymətləndirib. Qərb ölkələri isə bunu "nüvə şantajı" kimi dəyərləndirərək, NATO-nun təhlükəsizlik siyasətini gücləndirmək üçün əlavə tədbirlərə əl atıb.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putinin son açıqlamaları məqsədyönlü xarakter daşıyır və bir neçə əsas auditoriyaya təsir göstərməyə hesablanıb. Kreml sahibi bu açıqlamalarla ilk növbədə Rusiyanın daxili auditoriyasına sakitləşdirici mesajlar verməyə çalışır. O, Rusiyanın izolyasiya edilməsinin baş tutmadığı, əksinə, kollektiv Qərbin çökdüyü və ölkənin tarixi dönüş dövründə qalib gələcəyi barədə təsəvvürlər yaratmaq məqsədi güdür. Digər tərəfdən, Kreml sahibi Rusiyasız qlobal balansın mümkün olmadığını, Qərbin hegemonluğunun isə artıq zəiflədiyini beynəlxalq gündəmə yerləşdirməyə çalışır. Və sanksiyaların nəticəsizliyini, Rusiyanın hər cür ssenariyə hazır olduğunu və öz hərbi potensialını sərgiləməkdən qətiyyən çəkinməyəcəyini qabartmaqla, Qərbə meydan oxumaq niyyəti güdür.

Göründüyü kimi, Kreml sahibi son vaxtlar artıq müxtəlif politoloji nəzəriyyələrə məhkum qalıb. Onun açıqlamaları bir tərəfdən klassik realizm və güc balansı nəzəriyyəsi ilə üst-üstə düşür, digər tərəfdən isə təhlükəli eskalasiya risklərini daha da artırır. Belə ki, Kreml sahibinin AES-lərlə bağlı bəyanatları və sərt ritorikası Rusiyanın tamamilə təcrid olunması ilə bağlı riskləri daha da yüksəldir. Bununla belə, prezident Vladimir Putinin təhdidkar ritorikası onu da göstərir ki, Kremlin strategiyası həm daxili legitimlik, həm də beynəlxalq səviyyədə çəkindirmə və güc nümayişinə hesablanıb. Və Kreml sahibi əslində, "əgər, Rusiyanı çökdürsəniz, dünyanı dağıdacağıq" mesajı verməyə çalışır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
3
olaylar.az

10Mənbələr