AZ

Xankəndidən qaçan o qadın - Metakse nə istəyir?

Azər Həsrət: “Bu cür adamlar özbaşına danışmır, onları danışdıran Moskvadır”

Ermənistana köçən separatçılar Qarabağ mövzusundan əl çəkmirlər. Hətta baş nazir Paşinyanın AŞ PA-da onların qayıdışının mümkün olmadığını söyləməsi də onlara kar eləməyib. Hələ də separatçı tör-töküntülər qayıdışdan, Xankəndidə görülən işlərdən, özlərinin “mədəni-tarixi abidələrindən” dəm vururlar.

Elə bu günlərdə “Hraparak” nəşri özünü “artsax parlamentinin deputatı” kimi təqdim edən Metakse Akopyanın çıxışına geniş yer verib. Bu qatı separatçı qadın vaxtilə Xankəndidə qondarma parlamentdə danışardı, mitinqlərdə iştirak edərdi. İndi də onun heç bir statusu olmadığı halda danışır, özünü deputat sayır. Axı hanı sizin parlamentiniz, harada seçki keçirib mandat qazandınız? Yəni bu dərəcədə absurdun dibinə yuvarlanıblar.

Akopyana gəlincə, onun absurd iddiasına görə, Azərbaycan hakimiyyəti guya “artsaxı doldurmağa çalışır, lakin buna nail olmur”. “İndi Stepanakerti (Xankəndi - red.) sökürlər, müharibədən sonra tikilmiş bütün binaları sökürlər. Məsələn, qəribə məntiqlə Saroyan küçəsində heç bir problemi olmayan gözəl layihəli binaları söküblər”, - Akopyan sayıqlayıb.

Onun fikrincə, Paşinyan hakimiyyətdə olduğu müddətdə belə davam edəcək və Nikolun istəyindən istifadə edərək Azərbaycan Qarabağdakı “erməni izini aradan qaldırmağa tələsir, eyni zamanda bütün artsax ərazisində tarixi, mədəni və qeyri-maddi dəyərləri aradan qaldırır”.

Bu separatçı nə istəyir? Hər dəfə də onun sərsəmləməsini erməni mediası həvəslə tirajlayır. Ümumiyyətlə, “artsax” mövzusunu gündəmə gətirməklə sülh prosesini pozmaq mümkündürmü?

Region

Azər Həsrət

Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Onun fikrincə, Metakse kimi şəxsləri danışdıran Moskvadır:

“Onlar özbaşına danışmırlar. Əgər doğrudan da həmin Metaksi adlı qadın Qarabağda qalmaq, orada yaşamaq istəyirdisə, özünün iddia etdiyi kimi ”erməni mirasına" sahib çıxmaq və onu qorumaq niyyətində idisə, Azərbaycan dövləti onları qovmayıb ki. Əksinə, Azərbaycan dövləti onlara açıq şəkildə təklif etdi: qalın, yaşayın, heç bir probleminiz olmayacaq. Qalaya bilərdi, yaşaya bilərdi, sahib çıxardı. Amma bunlar könüllü şəkildə bütün Qarabağı tərk etdilər. Bu birinci məsələdir".

Azər Həsrət vurğulayıb ki, bu gün Azərbaycan və Ermənistan həqiqətən də heç vaxt olmadığı qədər bir-birinə yaxınlaşıb:

“Sülh əldə edilib, faktiki olaraq həm Ermənistan, həm də Azərbaycan sülh müqaviləsini imzalamağa hazır vəziyyətə yaxınlaşıblar. Yəni, məsələ kökündən həll olunmaq üzrədir. Bəs kim narahatdır, hansı tərəf narahatdır? Təbii ki, bizi hər zaman qarşı-qarşıya gətirən, düşmənə çevirən Moskva - yəni Rusiya narahatdır. Məhz bu səbəbdən belə təktük ünsürləri danışdıran da Moskvadır, onlara meydan verən media da birbaşa Moskvanın təsiri altındadır.

Ermənistanda revanşist qüvvələr hələ də qalır, məsələn, Köçəryan və Sarkisyanın tərəfdarları. Hərçənd onların sayı çox deyil, amma hamısı birbaşa Moskvaya bağlıdır. Rusiya onlara hansı tapşırığı versə, onlar da onu yerinə yetirirlər. Yəni, bu qadının danışması da sırf bununla bağlıdır. Qarabağa qayıtmaq dərdi, əslində, heç yoxdur. Əgər olsaydı, dediyim kimi, qalıb orada yaşayardı, heç vaxt çıxıb getməzdi. Heç kim onları qovmayıb. Təkcə onu yox, minlərlə ermənini də Azərbaycan qovmayıb - sadəcə özləri könüllü şəkildə gediblər. Deməli, danışdıran yenə də Moskvadır, hər zaman olduğu kimi.

Amma sizi əmin edirəm bu, Moskvanın son çırpıntılarıdır. Moskva artıq bölgəmizdə real təsir gücünə malik deyil. Ermənistandan da hərbi bazasını birdəfəlik yığışdırıb aparacaq və bununla da Güney Qafqazda Rusiyanın izi-tozu qalmayacaq. Çox yaxın illərdə isə ümumiyyətlə Qafqazda Moskvanın kölgəsi belə görünməyəcək. Quzey Qafqaz respublikaları - başda Dağıstan, Çeçenistan olmaqla - azadlıqlarına qovuşacaq və Rusiya adlı dövlət bizdən min kilometrlərlə uzaqlaşacaq. Azərbaycanın Rusiyayla sərhədi belə olmayacaq.

Sadəcə indi son çırpıntılar gedir, ürək bulandırmaqla məşğuldurlar. Amma dəyirman öz işindədir - biz də öz yolumuzdayıq. Əsas məsələ odur ki, bu gün Ermənistan rəhbərliyi iradə sahibidir, müstəqil davranır və Azərbaycanla məhz masa arxasında anlaşmanın ən doğru yol olduğunu qəbul edib. Bu mərhələdən sonra aramıza heç kim girə bilməyəcək".

Xatırladaq ki, Qarabağdan gedən ermənilərə dəstək proqramı 2025-ci il aprelin 1-dən azaldılıb. Əmək qabiliyyətli şəxslər artıq 40,000+10,000 dram mənzil müavinətini almırlar. Son dövrlər isə revanşizmin körüklənməsi, Rusiyanın İrəvandakı təsir dairələrinin fəallaşması, Kremlin himayə etdiyi kilsə ilə Paşinyan administrasiyası arasında qarşıdurma fonunda separatçıların da küçələrə çıxarılması cəhdləri var.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
18
1
musavat.com

10Mənbələr