AZ

Ryabkov ABŞ-la “tarixi görüş”ün payızın sonuna qədər olacağını elan etdi, amma...  

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, ABŞ-la danışıqların üçüncü raundu mütləq şəkildə payızın sonunadək keçiriləcək. Onun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında münasibətləri gərginləşdirən və qarşılıqlı etimadı zədələyən amillərin aradan qaldırılması vacibdir. Ryabkov qeyd edib ki, dialoqun bərpası hər iki ölkənin maraqlarına uyğundur və bu, qlobal təhlükəsizlik mühitinə də təsirsiz ötüşməyəcək.

Kreml rəsmisinin açıqlaması ABŞ-ın son dövrlərdə Rusiyaya qarşı sərtləşən ritorikası fonunda daha çox diqqət çəkir. Vaşinqtonun Moskva ilə münasibətləri sanksiyalar, hərbi balans və regional münaqişələr müstəvisində sərt çərçivədə saxladığı bir dövrdə belə bir görüşün baş tutması həm siyasi, həm də diplomatik baxımdan yeni imkanlar yarada bilər.

Bəs Vaşinqton bu danışıqlara hansı əsaslarla və hansı şərtlərlə razılıq verəcək?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Rusiyanın Ukrayna ilə müharibəni bitirmək niyyəti olmadığından Ryabkovun açıqlamaları digər rus rəsmiləri kimi “vaxt uzatmaq” manevrindən başqa bir şey deyil:

“Hər hansı sülh danışıqları iki halda mümkündür: ya tərəflərdən hər ikisi müharibədən yorulur və artıq bu mənasız savaşı dayandırmaq istəyir, ya da tərəflərdən biri məğlub olduğunu qəbul edir və kapitulyasiya aktı imzalamağa hazır olur. Dərd burasındadır ki, Ukrayna savaşının tərəflərində bu iki amildən heç biri müşahidə olunmur. Ukrayna ABŞ-dan aldığı silahlarla Rusiyanın dərinliklərini vuraraq müharibənin gedişini öz xeyrinə dəyişəcəyinə inanır. Rusiya isə bu mərhələdə üstünlüyün öz əlində olduğunu düşünür və bir az da vuruşsa, mütləq qələbə qazanacağına ümid edir. Putinin “Valday” klubunda səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Bilirsiniz ki, Putin həmin platformada sualları cavablandırarkən NATO-ya qarşı effektli mübarizə apardıqlarını və hər gün durmadan irəlilədiklərini vurğulamışdı.

Belə bir qalib ədası sərgiləyən və qələbə çalacağına səmimi şəkildə inanan tərəflər sülh üçün masaya oturmazlar. “Niyə soyub-soyub quyruğunda buraxaq” deyə düşünərlər. Odur ki, Ryabkovun vəd etdiyi payız görüşü baş tutsa belə, ondan bu zamana qədərki görüşlərdəkindən fərqli nəticələr gözləməyə dəyməz. Yenə İstanbulda toplanacaqlar, yenə Rusiya hətta işğal etmədiyi əraziləri belə Ukraynadan istəyəcək və Ukrayna da ona rədd cavabı verəcək".

Heydər Oğuzun fikrincə, Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsi ən çox ABŞ-ın maraqlarına xidmət edir:

"Məlumdur ki, Rusiyanın qaz və neft bazarlarını ələ keçirmək Trampın hələ ilk hakimiyyəti dövründə başlıca məqsədlərindən biri idi. 2017-2020-ci illərdə dəfələrlə Şərqi Avropaya səfər edən ABŞ rəsmiləri tərəf-müqabillərinin qarşısına bu tələbi qoyurdu.

Almaniyadan “Şimal axını-2” layihəsinin inşasını dayandırmağı, digər neft kəmərini – “Şimal axını-1”-dən isə tədricən vaz keçməyi tələb edirdilər. Ondan əvvəl isə 2014-cü ildə Rusiyanın Krım və Donbası işğalından sonra ABŞ-ın da israrlı tələbi ilə Bolqarıstan onun ərazisindən keçməsi planlaşdırılan “Cənub axını” layihəsini dayandırmışdı. 2020-ci ilin əvvəllərində Belarusa səfər edən ABŞ dövlət katibi Mayk Pompeo bütün Avropa ölkələrini rus qazından tamamilə imtina etməyə çağırmış, buna boyun qaçıranları isə ağır şəkildə təhdid etmişdi. Demişdi ki, Rusiya təbii qazını Avropaya çatdıracaq boru kəməri layihələrindən imtina etməyənlər Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) çərçivəsinə alınacaq.

Bütün bunlar göstərir ki, Ukraynanın bu gün Rusiyanın dərinliklərindəki qaz və neft müəssisələrini bombardman etməsi Trampın əzəli arzusu olub. Məhz buna görə də mən Tramp administrasiyasının indiki mərhələdə Rusiya-Ukrayna danışıqlarının baş tutmasını istədiyinə inanmıram. ABŞ o zaman Ukrayna cəbhəsində sülhün baş tutmasını istər ki, Rusiya onunla anlaşsın və öz enerji qaynaqlarının istismarını Amerika şirkətlərinə, konkret olaraq “Exxon-Mobil”ə versin”.

Siyasi şərhçi həmçinin qeyd edib ki, Tramp hakimiyyəti ABŞ-ın əsas iqtisadi güc mərkəzlərindən sayılan Rokfeller ailəsinə bağlıdır və bu ailə əsasən neft və qaz istismarı ilə məşğuldur:

“Rokfeller ailəsinin əsas hədəflərindən biri də rus enerji mənbələrinə yiyələnməkdir. Bu isə o zaman mümkün olar ki, Rusiyanın enerji təsisatları tamamilə çöksün, Moskva Ukrayna savaşından tam əzilərək çıxsın və sonunda Rokfellerin ayağına düşüb həmin müəssisələrin yenidən bərpasını ona həvalə etsin.

Məncə, bu zamana qədər Trampın Rusiya ilə yaxın münasibətləri və hətta Ukraynanın güzəştləri bahasına sülh sazişini tələb etməsi təsadüfi deyildi. Tramp bu yolla Rusiyanı özünə tabe etdirəcəyinə və rahatlıqla onun enerji mənbələrini birgə istismarına razı salacağını düşünürdü. Alyaska görüşündən sonra bunun bir xəyal olduğunu gördü, ardınca isə Putin Çinə gedib Si Cinpinq və Şimali Koreya diktatoru Kim Çen İlə eyni sırada dayanaraq ABŞ-a meydan oxudu. Loru dildə desək, dananın quyruğunun qopduğu an da bu güc nümayişi oldu. Bütün bunlardan sonra Trampın və himayədarlarının əllərinə düşən qızıl fürsəti fövtə vermələri inandırıcı görünmür”.

Xalidə GƏRAY
Musavat.com

Seçilən
37
1
musavat.com

2Mənbələr