AZ

Vətən daşı olan vətəndaş ziyalı

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Ağrı dağından, Şahdağdan, Kəpəzdən, Arazdan, Qarqardan, Batabatdan, Qızılağacdan, Topxanadan, Cıdır düzündən... başqa məmləkətlərdə də var. Sadəcə, adları fərqlidir. Bizə özgələrdən nə?! Bizə özümüzünkü daha şirin, daha əzizdir. Zaman-zaman “peşkəş” etdiyimiz, deportasiya edildiyimiz, qovulduğumuz Vətən torpağı bizlər üçün uca Tanrının könlünün xoş məqamında yaratdığı bir cənnətməkandır.

Ədəbiyyatşünas, ictimai xadim Əziz Ələkbərli də dövlət sərhəd mərzləri ilə ayrılmış həmin Vətəndən Bakıya ali təhsil almaq üçün gələndə ağlına gəlməzdi ki, bir də haçansa doğma yerləri yalnız yuxularında görəcək, rəngləri zamanın rüzgarlarında yavaş-yavaş sozalan xatirələrində yad edəcək. Əzizlə dostluğa çevrilmiş tanışlığımızın haradasa yarım əsrə yaxın, daha dəqiq ifadə etsək, 46 ilə dayanan bir tarixçəsi var. İlk dəfə 1979-cu il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin 2 saylı binasının qapısından keçib 209 saylı auditoriyada toplaşanda 75 nəfər idik.

Həyat qəribədir... ruhən, mənən yaxın insanları arada yaş fərqi qoymadan, sosial status tanımadan, bioloji bağlara baxmadan haçansa çəkib bir araya gətirir. Və düz deyirlər ki, dostluq nazı çəkiləsi, “səhhəti” qorunası bir nemətdir... Bu mənada Əziz də Qəzənfər, Əflatun, Rafiq, haqq dünyasına qovuşmuş İlham, Fəxrəddin, Həbib və başqaları ilə bir sırada heç də asan sayılmayacaq illərin sınağından dostluğa dəyər verməyi və qorumağı bacaran vəfalı və dəyanətli adam kimi çıxmağı bacardı. Etiraf edirəm: diqqəti, səmimiyyəti, qədirkeşliyi ilə fərqlənib həmişə... özü də istisnasız olaraq hamımıza – bütün tələbə yoldaşlarına qarşı.

5 il auditoriyalarda hamımız üçün eyni, universitet binasından kənarda isə fərqli keçdi. Amma illərin imtahanında azalmayan, tükənməyən, əksinə, varlığına dəyər qatan, daha da möhkəmlənən bir duyğu qalmışdı aramızda – dostluq! Universiteti bitirib hərə göndərişlə respublikanın bir guşəsinə səpələndi. Mən İsmayıllının Xənəyə kəndində 1 il, dərs dedim, Əziz isə Qaxın Qum kəndində 3 il müəllimlik elədi. Sonradan doğma el-obasına – Vedibasarın Qaralar kəndinə qayıtsa da, 1988-ci ildə Ermənistanda növbəti dəfə baş qaldıran və az sonra az qala yeni bir soyqırımı dalğasına çevrilən anti-azərbaycan siyasəti nəticəsində yüz minlərlə soydaşımız kimi dədə-baba yurdunu tərk etməli oldu.

...Və Əziz Ələkbərlinin həyatının həm əziyyətli, qayğılı, həm də ən məhsuldar, elmi, yaradıcı, ictimai potensialını ortaya qoyan Bakı dövrü başladı. Əziz 1988-ci ildə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda fəaliyyətə başladı, az sonra dissertasiya müdafiə edərək tələbə yoldaşlarımız arasında ilk alimlik dərəcəsi alanlardan biri kimi həmin elm müəssisəsində bölmə müdiri vəzifəsində çalışdı. Sonralar fəaliyyətini Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru” şöbəsinin müdiri kimi davam etdirdi. O həm də 1997-ci ildən fəaliyyət göstərən müstəqil “Ağrıdağ” nəşriyyatının yaradıcısıdır.

Ə.Ələkbərli ölkə üçün kifayət qədər mürəkkəb 90-cı illərdə mətbuat sahəsində çalışmış, “Ana Vətən”, “Ağrıdağ” qəzetlərinin baş redaktoru, “Xalq qəzeti”nin şöbə müdiri vəzifəsində işləmiş, siyasi mübarizələrdə bişib püxtələşmiş, ortaya ictimai mövqe, əqidə və prinsipiallıq nümunəsi qoymuşdur. Onun həyatının ən məhsuldar dövrü yeni minilliyə təsadüf edir –nəşr olunmuş 500-dən artıqelmi və publisistik məqalənin, 47 kitabın, o cümlədən “Qərbi Azərbaycan” adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş “Qərbi Azərbaycan abidələri” adlı kitabın müəllifi, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir. Bir neçə il əvvəl tamamladığı “Folklorda tarixilik (Qərbi Azərbaycan folklor materialında)” mövzusunda doktorluq işi belə ədəbi materialını Qərbi Azərbaycandan götürmüşdür.

Əziz Ələkbərlinin müəllifi olduğu kitabların siyahısına baxmaq – Qədim Türk-Oğuz yurdu “Ermənistan”, “Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı”, “Qərbi Azərbaycan, II cild (Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları)”, “Qərbi Azərbaycan abidələri (Azərbaycan, ingilis, rus, alman, fransız dillərində)”, “Azərbaycanlıların 1988-ci il soyqırımı: Sənədlərin dili ilə”, “Qərbi Azərbaycanın dialektoloji lüğəti”, “Türk mənşəli erməni soyadları”, “1988–1992-ci illər deportasiyası zamanı Qərbi Azərbaycan qaçqınlarına dəyən maddi və mənəvi ziyan (3 kitab)”, “Stepan Orbelian - Sünik tarixi”, “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz”, “Qərbi Azərbaycan şəhidləri” və nəhayət, beş kitabdan ibarət nəzərdə tutulmuş “Qərbi Azərbaycan irsi” kitabının 1-ci cildi (Azərbaycan, rus və ingilis dillərində) kifayətdir ki, bir adamın öz doğma el-obası ilə bağlı ortaya necə bir vətəndaş-alim-tədqiqatçı şücaəti qoyduğunun şahidi olasan.

Əziz həyatını, yaradıcılığını, ictimai fəaliyyətini qədim Oğuz-türk yurdu sayılan Qərbi Azərbaycan probleminə həsr etmiş azsaylı insanlardan biri, həmin məsələlərə kompleks-elmi, sistemli şəkildə yanaşan nadir alim-tədqiqatçıdır, vətəndaş-ictimai xadimdir. Onun fəaliyyəti, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızdan yana yaşadığı iztirablar, çəkdiyi zəhmət həmişə göz önündə olub, arxivlərdə apardığı tədqiqatlar müxtəlif nəşrlər şəklində bəhrəsini verib.

Ə.Ələkbərli 2012-2014-cü illərdə Azərbaycan Qaçqınlar Cəmiyyəti sədrinin müavini, sonrakı səkkiz ildə isə həmin cəmiyyətin sədri olmuşdur. 2019-cu il martın 3-də Azərbaycan Qaçqınlar Cəmiyyətinin tərkibində Qərbi Azərbaycan İcmasını yaratmış və onun ilk sədri olmuşdur. 2022-ci il avqustun 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilmiş və Ə. Ələkbərli İcmanın sədri seçilmişdir.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qalibiyyətlə nəticələndi, tarixi ədalət bərpa edildi. 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində “Qarabağ münaqişəsi” mövzusu tamamilə qapandı. Lakin üzü Nüvədidən İrəvanadək ana südü tək haqqımız olan dədə-baba torpaqlarımız hələ də yadelli tapdağı altında inləyir. Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan zorla köçürülmüş azərbaycanlıların hüquqlarının bərpası məsələsini yeni geosiyasi reallıqda cəmiyyətin əsas milli ideyasına çevirməyi, bu məqsədlə sistemli və ardıcıl tədbirlər həyata keçirməyi zəruri hesab edir. 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş qurumun dövlət başçısının himayəsi ilə 2022-ci ilin avqustunda “Qərbi Azərbaycan İcması” adı ilə yenidən formalaşması, təşkilatlanaraq fəaliyyətə başlaması tarixi torpaqlarından qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından yeni imkanlar açdı.

Ötən dövr ərzində İcma Əziz Ələkbərlinin rəhbərliyi və ölkənin əslən Qərbi Azərbaycandan olan ən tanınmış ziyalı-alimlərinin, müxtəlif peşə sahiblərinin yaxından iştirakı və dəstəyi ilə çox böyük işlər görmüş, beynəlxalq əhəmiyyətli layihələr həyata keçirmişdir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriqayıtma hüququna əsaslanaraq, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz, ləyaqətli şəkildə qayıtmasını, sonrakı mərhələdə onların fərdi və kollektiv hüquqlarının təmin olunmasını əsas məqsədləri kimi müəyyənləşdirmişdir.

Qısa bir vaxtda İcma öz fəaliyyətinin əsas məramı və prinsipial əhəmiyyət kəsb edən prioritet istiqamətlərin beynəlxalq platformalarda təbliği, cəmiyyətin mövcud potensialının yeni milli ideya ətrafında səfərbər edilməsi yönündə sistemli və ardıcıl fəaliyyət göstərir. Təşkilatın BMT-yə göndərdiyi 8 sənədin təşkilatın rəsmi sənədi kimi yayılması Ermənistanın müharibə cinayətlərinin ifşası, Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası baxımından son dərəcə əhəmiyyətli sayıla bilər. Bu gün Əziz Ələkbərli həm də V və VI çağırış Milli Məclisin deputatı kimi ictimai-siyasi fəaliyyətini davam etdirir.

Əzizin 65 yaşı tamam olur. Az deyil! Nə etmək istədiyini, həyatda məqsəd və məramının nədən ibarət olduğunu bilən adam üçün çox da deyil.

Yubiley münasibətilə dostları adından Əzizi ürəkdən təbrik edir, məsul və şərəfli fəaliyyətində ona möhkəm can sağlığı, uğurlar arzulayıram.

Prezident İlham Əliyev əzəli-əbədi yurd yerlərindən perik düşmüş soydaşlarımızın böyük qayıdışına inamını belə ifadə etmişdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”. Biz də inanırıq ki, lap yaxın gələcəkdə Əziz növbəti doğum gününü Vedibasarda, Göyçədə, Dərələyəzdə, Qarakilsədə ... qeyd edəcək.

Xalid NİYAZOV,Əməkdar jurnalist,siyasi elmlər doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
2
xalqqazeti.az

3Mənbələr