AZ

Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilib

Bakı Slavyan Universitetində (BSU) Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilib.

Bu barədə universitetdən xəbər verilib.

“Konstitusiya və Suverenlik İli”nə həsr edilən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə reallaşıb.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Forumun moderatoru, "T-Network" platformasının rəhbəri Cəfər Mənsimi giriş nitqi ilə çıxış edərək forumun məqsəd və əhəmiyyəti barədə danışıb. Bildirib ki, forumun təşkilində əsas məqsəd təhsil sahəsində yeni çağırışları müzakirə etmək, hər kəs üçün keyfiyyətli təhsil, xarakter və iradə tərbiyəsi, emosional və süni zəkanın balansı məsələlərinə diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə töhfə verməkdir.

Forumda iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, yeni texnologiyalar, süni intellekt, rəqəmsallaşma, iqlim dəyişiklikləri kimi qlobal çağırışlar artıq təhsildə də yeni yanaşmaların formalaşmasını zəruri edir. Nazir müavini qeyd edib ki, gənclərimiz bu çağırışlara uyğun olaraq yeni bilik və bacarıqlara yiyələnməlidirlər. Məhz bu səbəbdən onlardan rəqəmsal bacarıqlar, təhlil və çeviklik, komanda işi, yaradıcılıq və digər 21-ci əsr bacarıqları tələb olunur.

Təhsilin hər bir dövlətin iqtisadi gücünün formalaşmasında, əhalinin sosial rifahının təmin olunmasında, milli-mədəni dəyərlərin qorunub saxlanılmasında mühüm roluna toxunan İdris İsayev vurğulayıb ki, hansı ölkədə təhsilə diqqət və qayğı göstərilirsə, insan kapitalına investisiya yatırılırsa, həmin ölkə inkişaf edir.

Salamlama nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev öz növbəsində xalqın, millətin gələcəyinin təhsilin inkişafından, bilikli və vətənpərvər gənclərin yetişməsindən asılı olduğunu bir daha vurğulayıb və bu işdə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

Daha sonra çıxış edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şleyxer qeyd edib ki, müasir dövrdə öyrənmə prosesində düşüncə tərzinə, problem həll etmə bacarıqlarına və yaradıcı yanaşmaya önəm verilməlidir.

Süni intellektin təhsil sisteminə inteqrasiyasından da danışan Şleyxer OECD-nin “E2040 Araşdırması – Birlikdə İnkişaf: Gələcəyin Siniflərində İnsan Müəllimlər və Süni İntellekt Agentləri” (E2040 Exploration – Flourishing Together: Human Teachers and AI Agents in Future Classrooms) adlı tədqiqatına istinad edərək bildirib ki, gələcəyin tədris mühitində real müəllimlər və süni intellekt “tamamlayıcı tərəfdaşlar” kimi fəaliyyət göstərəcək. Müəllimlər tədrisin mənəvi və yaradıcı tərəflərinə fokuslanacaq, süni intellekt isə məlumat emalı, analitik rəy və fərdiləşdirilmiş dəstək funksiyalarını yerinə yetirəcək.

OECD rəsmisi vurğulayıb ki, təhsil sistemləri insan və texnologiyanın qarşıdurmasına deyil, əməkdaşlığına hazır olmalıdır. Gələcəyin uğurlu məktəbi o məktəbdir ki, texnologiyanı ağılla istifadə edir, amma insan toxunuşunu heç vaxt itirmir.

Müəllimlərin birgə fəaliyyətinin əhəmiyyətinə toxunan Andreas Şleyxer bildirib ki, məktəbdə kollektiv agentlik – yəni birlikdə qərar vermək və məsuliyyət daşımaq mədəniyyəti – təhsilin keyfiyyətini yüksəldən əsas faktorlardandır.

Forum çərçivəsində təqdimatlarla çıxış edən Baltaş Qrupun rəhbəri, tanınmış türkiyəli psixoloq Acar Baltaş, Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru Kəralayn Rayt, Riqa Klassik Dövlət Gimnaziyasının direktoru Roman Əliyev, Baltaş Qrupunun qurucusu, tanınmış türkiyəli psixoloq Zuhal Baltaş, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsilin siyasəti və təhlili üzrə magistratura təhsili almış Lalə Əliyeva, Estoniya Karyera Təhsil Akademiyasının rəhbəri Sənəm Əli öz təcrübələrini bölüşüblər.

Forum çərçivəsində "Təhsildə emosional və süni zəkanın balansı necə tənzimlənməlidir?, necə edək ki, keyfiyyətli təhsil hər kəs üçün əlçatan olsun və heç bir təhsilalan kənarda qalmasın?, təhsil prosesinin iştirakçıları hansı uğur anlayışına köklənməlidirlər?, təhsil prosesinin bütün tərəflərini özünün ən yaxşı versiyası olmaq prosesinə necə cəlb etmək olar?” və digər suallar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, beynəlxalq forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı, Bakı Slavyan Universiteti və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formada keçirilib.

Seçilən
17
4
news365.az

10Mənbələr