AZ

Asiya birjalarında tarixi yüksəliş: Yaponiyada yeni baş nazirin seçilməsi bazarları canlandırıb...

İnvestorların Sanaa Takaitinin iqtisadiyyatı stimullaşdıracağına dair gözləntiləri fonunda Asiya indeksləri rekord həddə qalxdı...

Poliqon xəbər verir ki, Asiya fond birjaları, xüsusilə Yaponiyanın aparıcı göstəriciləri, son illərin ən yüksək səviyyəsinə çatıb. Bloomberg agentliyinin analitiklərinin qiymətləndirməsinə görə, bu artımın əsas səbəbi Yaponiyanın yeni baş naziri postuna iqtisadiyyatı canlandırma siyasətinin tərəfdarı kimi tanınan Sanaa Takaitinin gəlişinə dair investorların artan ümidləridir.

Yaponiyanın Nikkei 225 indeksi 4 faizdən çox bahalaşaraq tarixi maksimum səviyyəyə yüksəlib. Bununla yanaşı, qızılın qiyməti də bir unsiya üçün 3900 ABŞ dollarını keçərək növbəti rekordunu müəyyən edib. Oxşar dinamika bitkoinin qiymətində də müşahidə olunur.

Analitiklər bildirirlər ki, Yaponiyada dövlət istiqrazları ilə ticarət edən treyderlər günün əvvəlində qısa mövqelər açmaqla bazarda ciddi dəyişikliklərin baş verəcəyinə işarə ediblər. Onların fikrincə, Sanaa Takaitinin hakim Liberal Demokrat Partiyanın liderliyinə gəlişi fonunda bazar iştirakçıları Yaponiya Bankının faiz dərəcələrinin artırılması siyasətini yumşaldacağına, eləcə də hökumətin dövlət istiqrazlarının satışını artıracağına ümid bəsləyirlər.

Bazarın bu optimizmi xüsusilə müdafiə sənayesi və texnologiya sektorlarının səhmlərində özünü göstərib. Kawasaki Heavy Industries Ltd., Japan Steel Works Ltd. və IHI Corp. kimi iri şirkətlərin səhmləri bazar açıldıqdan sonra bir anda ən azı 10 faiz yüksəlib. Ekspertlər hesab edirlər ki, bu artım hökumətin müdafiə və sənaye xərclərini artıracağı barədə ehtimallarla bağlıdır.

Yaponiyada investorların artan aktivliyi fonunda Asiya bazarlarında ümumi optimizm hökm sürür. Maliyyə dairələri bildirir ki, Takaitinin iqtisadi strategiyası vergi güzəştləri, infrastruktur xərclərinin artırılması və innovasiya layihələrinin dəstəklənməsi kimi addımları əhatə edə bilər. Bu da regionun iqtisadi mənzərəsini yenidən formalaşdırmaq potensialına malikdir.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr