AZ

2025-ci ilin üçüncü rübündə miqrasiya ilə bağlı 7,700 pozuntu qeydə alınıb

Dövlət Miqrasiya Xidməti (DMX) 2025-ci ilin üçüncü rübü ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı 7,718 inzibati qərar qəbul edib. Bu qərarların 3,245-i tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılan şəxslərlə bağlı olub. Bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında qeyd olunub. 

Saxlanılan şəxslərin əksəriyyəti ölkədə qanunsuz yaşama, bəyan olunmuş məqsəddən fərqli fəaliyyətlə məşğul olma, qanunsuz əmək fəaliyyəti və qeydiyyat ünvanında yaşamama halları ilə əlaqədar müəyyən edilib.

Qanun pozuntularına görə 429 əcnəbi Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarılıb və onların ölkəyə girişinə müəyyən müddətə məhdudiyyət qoyulub. Digər şəxslərin isə ya yaşayışlarının qanuniləşdirilməsi, ya da ölkəni könüllü tərk etmələri təmin edilib.

Hesabat dövründə ölkədə tənzimlənməyən miqrasiyanın təşkilinə dair 3 hal aşkarlanıb. Araşdırmalar nəticəsində əcnəbilərin müxtəlif məqsədlərlə ölkəyə gətirildiyi və onların qeyri-qanuni yollarla müvəqqəti yaşamaq və işləmək üçün sənədlərlə təmin edilməsinə cəhd göstərildiyi müəyyən olunub. Bu hallarla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim edilib.

Dövlət Miqrasiya Xidməti bildirib ki, tənzimlənməyən miqrasiyaya qarşı tədbirlər fasiləsiz şəkildə davam etdirilir.

 

Seçilən
15
1
anews.az

2Mənbələr