AZ

Sabirabadda “İZ” ailəvi restoranında monitorinq keçirilib - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinq çərçivəsində Sabirabad rayonunda fəaliyyət göstərən, fiziki şəxs Zöhrab Mehman oğlu Piriyevə məxsus “İZ” ailəvi restoranında 2 baş tovuzquşu, 3 baş qırqovul, 15 baş göyərçinin baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, sahibkarlıq subyektinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə, qanunvericiliyə uyğun zəruri tədbirlərin görüləcəyi bildirilib.

Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Seçilən
19
36
sia.az

10Mənbələr