AZ

Azərbaycan halal biznesin regional mərkəzinə çevrilir - Orxan Məmmədov

Azərbaycan halal biznesin regional mərkəzinə çevrilir - Orxan Məmmədov

BAKI,TurkicWorld, Fərid Mikayılov

Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov halal ticarətin müasir biznes modeli kimi formalaşmasının vacibliyini vurğulayıb.

KOBİA sədri bildirib ki, forumun məqsədi yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də dürüstlük, etibar və ədalət prinsiplərini önə çəkməklə halal ticarətin mahiyyətini gündəmə gətirməkdir:

“Halal ticarət sadəcə məhsulun və ya xidmətin tərkibi ilə deyil, insanın niyyəti və davranışı ilə ölçülür. Dürüst sahibkarlıq həm müştərinin, həm tərəfdaşın, həm də cəmiyyətin etimadını qazanmağın ən güclü yoludur.”

Orxan Məmmədov qeyd edib ki, Azərbaycan tarixən bu dəyərləri yaşadan, eyni zamanda multikultural ənənələri qoruyub inkişaf etdirən ölkə kimi tanınır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi və iqtisadi sabitliyin möhkəmləndiyini, bunun sosial həyata da müsbət təsir göstərdiyini vurğulayıb. Məmmədov həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mədəni irsin qorunması və tanıdılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.

KOBİA rəhbəri çıxışında vurğulayıb ki, agentlik sahibkarlıq subyektləri arasında halal prinsiplərin yalnız dini və etik dəyərlər çərçivəsində deyil, həm də müasir biznes yanaşması kimi formalaşmasına çalışır.
Onun sözlərinə görə, bu istiqamətdə halal sertifikatlaşdırma sistemlərinin təkmilləşdirilməsi, sahibkarlara təlim və məsləhət xidmətlərinin göstərilməsi, eləcə də halal brendin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl işlər aparılır.

Forumun Azərbaycanın halal biznesin regional mərkəzinə çevrilməsi məqsədinə xidmət etdiyini bildirən Məmmədov qeyd edib ki, tədbirdə 30-dan çox ölkədən nümayəndələrin iştirakı bu sahəyə artan beynəlxalq marağı nümayiş etdirir:

“Bu əməkdaşlıq ‘yaşıl iqtisadiyyat’, ‘davamlı sahibkarlıq’ və ‘etik ticarət’ kimi yeni iqtisadi fəlsəfələrin inkişafına töhfə verir.”

KOBİA sədri əlavə edib ki, forum çərçivəsində iki mühüm təşəbbüs üzrə iclaslar keçiriləcək — “İqtisadi Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nin yaradılması və “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin icrası ilə bağlı fəaliyyət planının müzakirəsi.

Sonda Orxan Məmmədov halal ticarətin yalnız iqtisadi deyil, həm də mənəvi dəyər daşıdığını vurğulayıb:

“Əgər biz iqtisadi münasibətlərimizdə vicdanı, ədaləti və şəffaflığı qorusaq, qazancımız da, cəmiyyətimiz də halal olar. Gəlin elə bir sahibkarlıq mühiti yaradaq ki, halallıq sadəcə etiketdə deyil, davranışda və niyyətdə əks olunsun.”

Məmmədov çıxışını “Halal ticarət – halal gələcək deməkdir” sözləri ilə yekunlaşdırıb.

Seçilən
105
turkic.world

1Mənbələr