AZ

Milli şüurun inkişafında məktəb dərsliklərinin rolu müzakirədə...


Milli mənlik şüuru və vətənpərvərlik hər bir xalqın mövcudluğu, inkişafı və gələcəyi üçün əsas dayaqlardan biridir. Xüsusilə gənc nəsildə bu dəyərlərin düzgün formalaşması, onların həm fərdi, həm də ictimai səviyyədə məsuliyyət daşıyan, müstəqil, vətəninə bağlı və müasir dünyaya uyğunlaşa bilən vətəndaş kimi yetişməsi baxımından həyati əhəmiyyət kəsb edir.

Azərbaycan kimi zəngin tarixi, mədəniyyəti və coğrafi mövqeyi olan ölkədə bu məsələlər həm milli həmrəylik, həm də dövlətin strateji maraqlarının təminatı baxımından xüsusi önəm daşıyır.

Gənclərin milli mənlik şüurunun inkişafı təkcə tarix, dil və mədəniyyətə bağlılıq kimi sadə faktorlardan ibarət deyil. Bu, eyni zamanda, onların öz köklərini dərk etməsi, milli dəyərləri ilə fəxr etməsi, dövlətə və xalqına sədaqətlə yanaşması, həmçinin gələcək üçün məsuliyyət hissi ilə yaşaması deməkdir. Azərbaycan cəmiyyəti ötən illər ərzində böyük tarixi sınaqlardan keçib öz müstəqilliyini bərpa edib. Qarabağın işğalına son qoyub. Halbuki, 30 ilə yaxın davam edən işğal ölkənin inkişafını əngəlləyib, bir sıra siyasi, sosial, iqtisadi, mənəvi-psixoloji çətinliklər yaradıb. Belə mürəkkəb şəraitdə cəmiyyətdə milli mənlik şüurunun möhkəmləndirilməsi gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi üçün vacibdir. Milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi sahəsində müasir Azərbaycan dövlətinin siyasəti də mühüm rol oynayır. Təhsil sistemi, mədəniyyət proqramları, media və ictimai təşəbbüslər bu istiqamətdə böyük səylər göstərir. Bununla belə, milli mənlik şüurunun inkişafında ən böyük təsirə malik olan ailə mühitidir. Gənc nəslin formalaşmasında valideynlərin rolu, milli dəyərləri yaşadan və ötürən ən vacib təməldir. Azərbaycan ailələri milli dəyərləri qorumağa, onların nəsildən-nəslə ötürülməsinə böyük önəm verir. Bu da gənclərin öz kimliklərini tanıması və vətənpərvərlik hisslərinin inkişafı üçün zəmin yaradır. Yenilikçi texnologiyaların və qloballaşmanın təsiri ilə gənclərin dünyagörüşü genişlənməkdədir. Bu mühitdə milli mənlik şüurunun qorunması və inkişafı müəyyən çətinliklərlə üzləşə bilər. Lakin Azərbaycan cəmiyyəti və dövlət qurumları bu çağırışa çevik reaksiya verərək, milli dəyərləri müasir metod və vasitələrlə gənclərə çatdırmağın yollarını tapır. Virtual mühitdə milli tarixin tanıdılması, milli musiqi və ədəbiyyatın təşviqi, vətənpərvərlik ruhunda filmlərin hazırlanması bu istiqamətdə əhəmiyyətli addımlardır.

Təhsil ocaqları, dərsliklər gənc nəslin tərbiyəsində bir nömrəli vasitədir

Ümumilikdə, hər bir millətin, dövlətin gələcəyi gənc nəslin necə tərbiyə olunması, onlarda milli mənlik şüurunun hansı səviyyədə inkişaf etməsi, vətənpərvərlik hisslərinin tərbiyyəsindən keçir. Bu istiqamətdə bütün strukturlar fəaliyyətlərini elə qurmalıdır ki, gənclərimiz sözün həqiqi mənasında milli dəyərlərə sahib çıxsınlar. Həmin vəzifənin həyata keçməsində xüsusən də təhsil ocaqlarının mühüm rolu var. Məhz təhsil ocaqları, orta və ali məktəblərdə tədris olunan dərsliklər gənc nəslin tərbiyəsində bir nömrəli vasitədir.

Maraqlıdır, Azərbaycanın təhsil ocaqları, dərsliklər gənc nəslə milli mənlik şüuru və vətənpərvərlik hisslərinin aşalınmasında nə kimi rol oynayır? Dərsliklərdə bununla bağlı tələblər müasir çağırışlarla nə dərəcədə uzlaşır?

Bu məsələ ilə bağlı dərsliklərdə hələ də çoxsaylı problemlər var

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, bu məsələ olduqca aktualdır: “Birincisi, Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra təhsil sistemində nə qədər problemlər olsa da, vətənpərvərlik hisslərinin aşılanmasında müsbət irəliləyişlər çoxdur. Uşaq bağçasından başlayaraq orta məktəblərdə hər bir uşaq bu ruhda tərbiyə olunur. Orta məktəbi bitirən elə bir gənc yoxdur ki, Azərbaycan himnini əzbərdən bilməsin. Hansı ki, bizim bəzi millət vəkilləri himnimizi bilmirlər. Dəfələrlə bunun şahidi olmuşam. Belə məmurlar da var. Qaldı dərsliklər məsələsinə, burada uşaqların milli ruhda tərbiyə olunmasında müəllimlərin üzərinə böyük iş düşür. Ona görə ki, dərsliklərdə hələ də çoxsaylı problemlər var. Mən özüm Azərbaycan tarixini tədris etdiyimə görə, yeni dərsliklərin yazılmasında iştirak etmişəm. Bir sıra dərsliklərin müəllifiyəm və bunu dəqiq bildiyimə görə deyirəm. Azərbaycan tarixi dərsliklərinin bir çoxunda sovet dönəmindən qalmş səhvlər hələ də təkrar olunmaqdadır. Bu da Azərbaycan xalqının etnogenizi, tarixi ilə bağlı saxta fikirlərin dərsliklərdə yer almasına gətirib çıxarır. Burada müəllimin üzərinə böyük yük düşür ki, o, bu saxtakarlığa imkan verməsin. Şagirdlərə, tələbələrə obyektiv məlumatlar çatdırsın. Əfsuslar olsun ki, belə müəllimlər elədə çox deyil. İkincisi, Azərbaycan təhsil sistemində ən ağrılı məsələ “beşinci kalon” məsələsidir. Yəni Azərbaycan tarixini, gənclərini vətənpərvərlik ruhunda tərbiyə edən insanın özündə gərək milli ruh olsun. Özü bu vətənə, millətə və dövlətçiliyə bağlı olsun. Əgər o şəxsin özündə bu yoxdursa, deməli bu, onun tərbiyə etdiyi şagirdlərə də sirayət edəcək. Ona görə də müəllim seçimində, xüsusən də ictimai fənlərin tədrisində çalışmaq lazımdı milli ruha, dövlətçiliyə bağlı mütəxəssislər olsun. Azərbaycan dilini, tarixini bilməyən, xalqa yuxarıdan aşağı baxan insanları tədris prosesinə buraxmaq olmaz. Ancaq təəssüf ki, belələri nəinki müəllim, hətta rəhbər vəzifələrdə çoxluq təşkil edir. Ona görə də belə vəziyyəti biz təhlil etməliyik. Orta məktəbdə milli hissə, ruha malik, Azərbaycan himnini bilən, dövlətçiliklə fəxr edən gənclərə üstünlük verilməlidir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
13
baki-xeber.com

1Mənbələr