AZ

"Macar yazıçısı 2025-ci ilin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb" - BBC

"Apokaliptik qorxular içində sənətin gücünə yeni təsdiq..."

Macar yazıçı Laslo Krasnahorkai 2025-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Nobel Komitəsinin rəsmi açıqlamasında bildirilir ki, mükafat yazıçıya "apokaliptik dəhşət şəraitində belə sənətin gücünü təsdiqləyən dərin və təsirli yaradıcılığına görə" verilib.

Avropa ədəbiyyatının sərhədlərini aşan müəllif

Krasnahorkai Mərkəzi Avropa ədəbiyyat ənənələrinə əsaslanan epik əsərlərin müəllifidir. Onun üslubu Kafka və Tomas Bernhard kimi yazıçıların absurd və qrotesk dünyalarından bəhrələnir, eyni zamanda Şərq fəlsəfəsinin sakit, düşüncəli tonuna yönəlir. Nobel Komitəsi yazıçının bu iki istiqaməti - Qərbin intellektual irsini və Şərqin müşahidəli, səssiz düşüncə baxışını birləşdirməsini xüsusi qeyd edib.

"Şeytani tango"dan başlayan ədəbi yol

Lasli Krasnahorkai 1954-cü ildə Macarıstanın cənub-şərqində, Rumıniya sərhədinə yaxın kiçik Dyula şəhərində doğulub. Onun "Şeytani tango" adlı ilk romanı 1985-ci ildə nəşr olunub və ölkədə ədəbi sensasiyaya çevrilib. Əsərdə kommunist Macarıstanının kimsəsiz kəndinə, ölü sayılan İrimiyaş adlı bir kişinin "yeni həyat" vədi ilə qayıdışından bəhs edilir. Sonradan rejissor Bela Tarr bu roman əsasında yeddi saat yarımlıq kult filmini çəkib. Elə ilk əsərindən etibarən Krasnahorkainin əsas mövzuları - zamanın donması, dağılma və böhranın apokaliptik hissi formalaşıb.

Kafka ilə mənəvi dialoq

Krasnahorkainin üslubu tez-tez Qoqol, Bekket və Kafka ilə müqayisə olunur. Yazıçı özü də bu bağlılığı açıq şəkildə etiraf edib: "Kafkanı oxumayanda onun haqqında düşünürəm. Kafka haqqında düşünməyəndə onun haqqında düşüncələrim üçün darıxıram. Və bir müddət sonra yenidən onu oxuyuram. Beləcə, bu davam edir".

Beynəlxalq mükafatlar və tanınma

2015-ci ildə Laslo Krasnahorkai Beynəlxalq Buker mükafatının qalibi olub. Həmin vaxt münsiflər onun "dil intensivliyini və ifadə gücünü" xüsusi vurğulayıb. Onun tanınmış romanları arasında "Müqavimətin melanxoliyası" (1989) - kiçik bir şəhərə gələn sirli sirk və oradakı nəhəng balina çarxının doğurduğu xaos haqqında; "Müharibə və müharibə" (1999); "Sivanmu burada, yanımızdadır" (2008) əsərlərini göstərmək olar.

Səyahətlər və Şərq təsiri

Krasnahorkainin yaradıcılığına həm səyahətləri, həm də dillərə olan həssas münasibəti təsir edib. 1987-ci ildə kommunist Macarıstanı ilk dəfə tərk edərək Qərbi Berlində bir il yaşayıb, daha sonra Monqolustan və Çində keçirdiyi illər ona "Urqa məhbusu" və "Səma altında dağıntı və hüzn" kimi əsərləri yazmaq üçün ilham verib. "Müharibə və müharibə" romanı üzərində işləyərkən o, Avropa boyunca səyahət edib, bir müddət Nyu-Yorkda məşhur bitnik şair Allen Qinsbergin mənzilində yaşayıb və onun dəstəyini "əsəri tamamlayan həlledici amil" adlandırıb.

Fərqli yazı texnikası

Krasnahorkainin "şüur axını" üslubu ilə yazılmış uzun, fasiləsiz cümlələri və abzaslara bölünməyən mətni oxucudan xüsusi səbr və diqqət tələb edir. Onun əsərlərinin ingiliscə tərcüməçisi, şair Corc Sirteş bu yazı tərzini belə təsvir edib: "Bu, hekayə axınının yavaş hərəkətli lavası, mətnin qara, geniş bir çayıdır". Laslo Krasnahorkai  "səssiz apokalipsisin yazıçısı"dır. Onun romanlarında dünya dağılmır - sadəcə yavaş-yavaş sükuta qərq olur. Bu sükutda isə sənətin özü qalır: həm xilas, həm də dirilmə vədi kimi.

Ədəbiyyat üzrə Novel mükafatının tarixi və məntiqi

Fizika, kimya, tibb kimi elm sahələrində nəticələr obyektiv ölçülərlə dəyərləndirilə bildiyi halda, ədəbiyyat belə sərhədlərə sığmır. Buna görə Nobel Komitəsinin seçimi həm Nobel Fondunun nizamnaməsinə, həm də Alfred Nobelin "insanlığa xeyir gətirən idealist istiqamət" şərhinə əsaslanır. "İdealizm" anlayışı uzun illərdir mübahisə doğurur. Ədəbiyyatda bu termin artıq ideoloji deyil, bədii mükəmməllik - dil, üslub və ifadə gücü kimi mənalandırılır.

1901-ci ildən bəri ədəbiyyat üzrə Nobel mükafatı 117 dəfə təqdim edilib, bu mükafata 121 şəxs layiq görülüb. Onlardan 18-i qadındır. Ən gənc laureat Redyard Kipling (1907, 41 yaşında), ən yaşlısı isə Doris Lessinq (2007, 87 yaşında) olub. Mükafat 7 dəfə - dünya müharibələri və böhran illərində  ümumiyyətlə təqdim edilməyib. İki yazıçı mükafatdan imtina edib: Boris Pasternak (1958) və Jan-Pol Sartr (1964).

Seçilən
49
17
moderator.az

10Mənbələr