Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 2020-ci il 13 oktyabrda şəhid olan qəhrəmanlarımızı təqdim edir:
Elçin Əzizov
1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 2002-2006-cı illərdə AzTU-da təhsil alıb. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi Xidmətdən sonra Dövlət Sərhəd Xidmətində fəaliyyətə başlayıb.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əzizov oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi. Üç övladı yadigar qaldı.
Xidməti müddətində Elçin Əzizov "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
İntiqam Hacıyev
1998-ci ilin noyabr ayının 10-da Ağcabədinin Minəxorlu kəndində anadan olub. Minəxorlu tam orta məktəbində təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib və Xocavənd rayonunda gedən döyüşlərdə vuruşub. İntiqam oktyabr ayının 13-də Yuxarı Qiyaməddinli kəndi yaxınlığında şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İntiqam Hacıyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Aqşin Novruzov
1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub.Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb.
2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, İkinci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı və 30 dekabr 2020 -ci il tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə (ölümündən sonra) təltif edilib.
Həndi Əliyev
19 iyun 1992-ci ildə Gəncə şəhərində anadan olub.
1999-cu ildə Gəncə şəhər 31 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2011-ci ildə orta təhsilini başa vurub.
2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırılıb, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət edib.
5 sentyabr 2020-ci ildə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində MAXE hərbi qulluqçu kimi xidmətə başlayıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Həndi Əliyev “N” saylı hərbi hissənin əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub.
13 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
16 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Əliyev Həndi Elburus oğlu Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları ilə (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) medalları ilə təltif edilib.
Sabir Yusubov
6 oktyabr 1990-cı ildə Göygöl rayonu Topalhəsənli kəndində anadan olub. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət edib. Sabir Yusubov 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi əməliyyatlarda iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Sabir Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib.
Sabir Firdovsi oğlu Yusubov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Göygöl rayonu Topalhəsənli kənd qəbiristanlığında dəfn olunub. Sabir Firdovsi oğlu Yusubov Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhriyar Abdullayev
1987-ci il martın 2-də Kəlbəcər rayonunun Zəylik kəndində anadan olub. 1994-cü ildə Tərtər şəhəri Cəmilli kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1998-ci ildən 73 saylı tam orta məktəbində təhsilini davam etdirib. 2005-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2007-ci ildə Ağcəbədi rayonunun N saylı hərbi hissəsindədə hərbi xidmətini başa vurub. 2013-cü il tarixindən etibarən Xüsusi Təyinatlı Qüvvələr sırasına daxil olub. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Şəhriyar döyüşdə yaxından iştirak edib.
Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Abdullayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” medalı ilə “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Amal Əhmədov
1996-cı il mayın 3-də Rusiya Federasiyasının Tver şəhərində anadan olub. 2002-2013-cü illərdə Gəncə şəhərində C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub, 2014-cü ildə isə təhsilini dayandıraraq hərbi xidmətə yollanıb.
Amal Əhmədov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Amal Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Əhmədov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə". "Füzulinin azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Naibə Məmmədova, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta