AZ

Azərbaycanda abortların sayı artıb: NİYƏ?

Ölkədə nikahdankənar doğulan körpələrin sayı azalıb.

Bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər ve qadınlar" məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2022-ci ildə 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə isə 13 228 nəfər olub.

Abortların sayı isə əksinə artıb. Məcmuədə bildirilib ki, Azərbaycanda 15-49 yaşlı hər min qadın arasında 2022-ci ildə 22.1 %, 2023-cü ildə 27.9 %, 2024-cü ildə isə 29.4 % abort halları qeydə alınıb.

Nikahdankənar doğulan körpələrin sayının azalması ailə dəyərlərinin güclənməsi kimi qiymətləndirilə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, abortların statistikası artdıqca, biz müzakirə edərkən birbaşa səhiyyə sistemini günahlandıra bilmərik.

O qeyd edib ki, burada insan faktoru müəyyən rol oynayır:

“Bilirik ki, abortlar nəticə etibarı ilə istənməyən hamiləliyin nəticəsidir. İstənməyən hamiləlik niyə yaranır? Ya ailələr uşaq sayını artırmaq istəmirlər, ya da münasibətlərin arzuolunmayan nəticəsi, yəni nikahdan kənar hamiləlik baş verir. İnsan faktoru niyə əhəmiyyətlidir? Əvvəla, insanlar cinsi münasibətlərin hamiləliklə nəticələnə biləcəyini əvvəlcədən proqnozlaşdırmırlar. Zövq üçün, ehtiyatsızlıqdan və ya digər səbəblərdən baş verən cinsi münasibətlərdə hamilə qalma ehtimalı nəzərə alınsaydı, abortların sayı bu qədər yüksəlməzdi”.

Onun sözlərinə görə, abortdan sığortalanmaq üçün kifayət qədər üsul var:

“Kontraseptivlər mövcuddur, lakin qadınlar onlardan istifadə etmirlər. Bunu bəzən maddi imkansızlıqla əlaqələndirirlər, amma mən bir çox hallarda buna razı deyiləm. Çünki bir aborta ödənilən məbləğin kiçik bir hissəsi ilə qadını 3-5 illik kontraseptivlə təmin etmək mümkündür. Məsələn, bir aborta orta hesabla 300-400 manat xərci çıxırsa, qadın cəmi 70-100 manatlıq uşaqlıq daxili spiralla hamiləlikdən qorunma vasitəsi ilə abortun qarşısını ala bilər. Sadəcə burada insan faktoru əhəmiyyətlidir, insanlar diqqətsizdir və ehtiyatsızdırlar.

Abortu yalnız tibbi bir proses hesab edirlər. Halbuki abort cinayətdir. Bunu ilk növbədə qəbul etmək lazımdır. Bu, insanlıqdan kənar bir addımdır.  Abort bir uşağın dünyaya gəlmə haqqını əlindən almaq və bir insanı qətl etmək deməkdir. Ona görə də mənəvi tərəfləri də düşünmək lazımdır. Arzuolunmayan hamiləliklə qarşılaşdıqda insan bununla necə nəticələnəcəyini əvvəlcədən düşünməlidir. Əgər abort variantı önə çıxırsa, onun nəticələrinə əvvəlcədən hazır olmaq vacibdir”.

Lalə Mehralı vurğulayıb ki, son illərdə abortların sayında müşahidə olunan azalma, məncə, maarifləndirmə işlərinin artıq nəticə verməyə başlamasından xəbər verir:

“Çünki dünyaya uşaq gətirmək təkcə bir tərəfin istəyi ilə olmur. Hər iki tərəf bu məsələdə eyni fikirdə olmalıdır. Əgər tərəflər evlənirlərsə, dünyaya uşaq gətirmək ehtimalını da əvvəlcədən nəzərə alırlar. İstəyirlərsə və ya istəmirlərsə, bu qərarı birlikdə verirlər.

Əgər abortdan çəkinirlərsə, deməli, hələ nəsil artırmaq niyyətində deyillər və tədbiri əvvəlcədən görürlər. Bu, çox yaxşı haldır ki, gənc nəsil bu məsələdə daha məsuliyyətli və diqqətlidir. Abortdan sığortalanmaq üçün əvvəlcədən tədbir görürlər. Məhz bu səbəbdən də azalma halları müşahidə olunur”.

Sosioloq əlavə edib ki, lakin abortların bir çoxu statistikaya düşmür:

“Bir çox hallarda, xüsusilə səhiyyə və tibbin inkişafının ləng getdiyi bölgələrdə ciddi problemlər yaşanır. Belə hallarda insanlar abortla bağlı çətinliklərlə üzləşirlər və bu abortların bir çoxu statistikaya düşmür. Çünki qeyri-leqal yollarla həyata keçirilən abortlar rəsmi məlumatlarda əksini tapmır”.

Seçilən
89
cebheinfo.az

1Mənbələr